Gəncə Şəhər Birləşmiş Xəstəxanasının Direktoru – İlkin İsmayılov
Gəncə şəhərinin səhiyyə sistemində önəmli rol oynayan Gəncə Şəhər Birləşmiş Xəstəxanasına 2023-cü ilin fevral ayından etibarən İlkin İsmayılov rəhbərlik edir. Peşəkar təcrübəsi, elmə bağlılığı və idarəçilik bacarığı ilə tanınan İlkin İsmayılov ölkənin aparıcı cərrahlarından biridir.
İlkin Yusif oğlu İsmayılov 22 oktyabr 1985-ci ildə Bakı şəhərində anadan olub. 2003–2009-cu illərdə Azərbaycan Tibb Universitetində “Müalicə işi” ixtisası üzrə təhsil almış, sonradan universitetin Onkologiya kafedrasında internatura keçmişdir. Təhsilini daha da dərinləşdirmək məqsədilə Türkiyənin nüfuzlu Qazi Universitetində Ümumi Cərrahiyyə üzrə uzmanlıq dərəcəsi almışdır.
Peşəkar fəaliyyətinə 2016-cı ildə Gəncə Beynəlxalq Xəstəxanasında başlayan İlkin İsmayılov burada ümumi cərrah, baş həkim və baş direktor vəzifələrində çalışmışdır. 2017-ci ildə tibb üzrə fəlsəfə doktoru elmi dərəcəsini əldə etmiş və hazırda Azərbaycan Tibb Universitetinin Birinci Cərrahiyyə Xəstəlikləri kafedrasında doktorantura təhsilini davam etdirir.
2021-ci ildən etibarən Gəncə Şəhər Birləşmiş Xəstəxanasında direktor müavini və Abbas Səhhət adına xəstəxananın rəhbəri kimi fəaliyyət göstərmişdir. Onun rəhbərliyi ilə xəstəxanada tibbi xidmətin keyfiyyətinin artırılması, müasir idarəetmə prinsiplərinin tətbiqi və pasiyent məmnuniyyətinin yüksəldilməsi istiqamətində mühüm işlər görülmüşdür.
İlkin İsmayılov həmçinin bir sıra yerli və beynəlxalq tibbi konfrans və seminarlarda fəal iştirak edir, yeni tibbi yenilikləri ölkəmizdə tətbiq etməyə çalışır.
Onun rəhbərliyi ilə Gəncə səhiyyəsində yeniliklərin və effektiv idarəçiliyin davam edəcəyi gözlənilir. Müəllif: Ceyhun Əliyev