"ASAN xidmət" “CryptoA2Z” Təlim Proqramını Uğurla Reallaşdırıb
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi” tərəfindən “CryptoA2Z” adlı təlim proqramı uğurla həyata keçirilib.
Patriot News.az xəbər verir ki, təlim proqramı İqtisadiyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) və dünyanın aparıcı kriptovalyuta təhsil platformalarından biri olan “Binance Academy” ilə əməkdaşlıq çərçivəsində “Blokçeyn Təlim Mərkəzi”ndə baş tutub.
Proqramın əsas məqsədi blokçeyn texnologiyaları və rəqəmsal maliyyə alətləri sahəsində ictimai maarifləndirməni artırmaq, eləcə də bu istiqamətdə yerli və beynəlxalq əməkdaşlıq imkanlarını gücləndirmək olub.
Üç gün davam edən təlimlərdə 160-dan çox iştirakçı kriptovalyutanın yaranma tarixi, əsas anlayışlar, blokçeyn texnologiyasının işləmə prinsipləri və kripto təhlükəsizliyi barədə ətraflı məlumat əldə edib. İştirakçılar praktiki olaraq kripto hesabların yaradılması, istifadəsi və rəqəmsal maliyyə alətlərinin real tətbiq sahələri ilə tanış olublar.
Təlimlər interaktiv formatda aparılıb, yarışmalar və sual-cavab sessiyaları təşkil olunub. Proqramın sonunda aktiv iştirakçılar “Binance” tərəfindən rəsmi sertifikat, xüsusi hədiyyələr və platformada depozit imkanları ilə mükafatlandırılıblar.
Bu təşəbbüs ölkəmizdə rəqəmsal innovasiyaların inkişafına töhfə vermək və yeni texnologiyalar sahəsində kadr potensialının artırılmasına xidmət edir.