Ceyhun Bayramovla Birləşmiş Krallığın dövlət naziri arasında telefon danışığı olub
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, telefon danışığı zamanı iki ölkə arasında gündəlikdə duran məsələlər, ikitərəfli və regional əməkdaşlıq mövzuları, habelə regional və beynəlxalq təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Nazir Ceyhun Bayramov qarşı tərəfi postmünaqişə dövründə bölgədə mövcud vəziyyət və reallıqlar, habelə mina təhdidi barədə məlumatlandırıb.
Azərbaycan XİN rəhbəri Ermənistanla normallaşma gündəliyinə də toxunaraq, Azərbaycan tərəfinin təşəbbüskarı olduğu sülh sazişi üzrə danışıqlar prosesində əldə olunmuş irəliləyişlər və bu prosesin uğurla yekunlaşmasının qarşısında duran əsas maneələrdən bəhs edib. Ermənistan Konstitusiyası və digər qanunvericilik aktlarında ölkəmizə qarşı ərazi iddialarından imtina edilməsinin Cənubi Qafqazda dayanıqlı sülhə nail olunması baxımından müstəsna əhəmiyyət kəsb etdiyini vurğulayıb.
Telefon danışığında həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.