Fərman Əliyev – Vətənə, xalqa və elmə sədaqətlə xidmət edən müəllim
Fərman Ceyhun oğlu Əliyev – Azərbaycan təhsil sistemində vətənpərvərliyi, fədakarlığı və peşəkarlığı ilə seçilən müəllimlərdən biridir. O, 24 yanvar 1991-ci ildə hərbçi ailəsində dünyaya gəlmişdir. Ailəsində dövlətə, orduya və xalqa xidmət ənənələri ilə böyüyən Fərman Əliyev uşaqlıqdan vətən sevgisi ilə yoğrulmuş, bu dəyərləri həyatının hər sahəsində rəhbər tutmuşdur. Orta təhsilini Gəncə şəhəri 26 saylı tam orta məktəbdə almış və burada formalaşan milli ruh onun gələcək həyat yolunu müəyyən etmişdir.
Ali təhsilini Bakı Dövlət Universitetinin Tarix fakültəsində alaraq 2012-ci ildə məzun olmuşdur. Tarix elminə və pedaqoji sahəyə olan marağı, eləcə də milli təfəkkürü onu müəllimlik peşəsinə yönəltmişdir. 2016-cı ildə Müəllimlərin İşə Qəbul imtahanından yüksək nəticə göstərərək Zərdab rayonunun Gödəkqobu kənd tam orta məktəbində tarix müəllimi kimi əmək fəaliyyətinə başlamışdır. 2016–2019-cu illər ərzində Zərdab rayonunda, 2020–2021-ci illərdə isə Tovuz rayonu Dövlət Peşə Təhsil Mərkəzində çalışmışdır.
2021-ci ildə keçirilən MiQ imtahanında 60 baldan 56 bal toplayaraq Göygöl rayonu Çaykənd kəndində yerləşən Kəlbəcər rayonu 58 saylı tam orta məktəbinə tarix müəllimi kimi təyin olunmuş və hal-hazırda həmin məktəbdə fəaliyyətini davam etdirir. Bununla yanaşı, Gəncə şəhərindəki “Kəpəz Kurslarında” da tarix müəllimi olaraq fəaliyyət göstərir və daha geniş auditoriyaya tarix biliklərini və milli dəyərləri çatdırır.
Fərman müəllim pedaqoji fəaliyyətində təkcə təhsil verməklə kifayətlənmir. O, şagirdlərinə vətənə məhəbbət, milli kimlik, tarixə hörmət və vətəndaşlıq məsuliyyəti aşılayır. Tarix fənnini sevdirən, keçmişimizi gələcəyə daşıyan bir vasitə kimi təqdim edən Fərman müəllim, dərslərində şagirdlərin təkcə savadlı deyil, həm də vətənpərvər yetişməsi üçün əzmlə çalışır.
Onun yetirmələri hər il ali məktəblərə qəbul imtahanlarında tarix fənnindən yüksək nəticələr göstərir, ölkənin qabaqcıl universitetlərinə daxil olurlar. Eyni zamanda, şagirdləri Respublika Fənn Olimpiadalarında uğurla iştirak edərək yarımfinal və final mərhələlərinə vəsiqə qazanırlar. Bu uğurlar Fərman Əliyevin fədakar əməyinin və müəllimlik peşəsinə sadiqliyinin göstəricisidir.
Fərman Əliyev ailəlidir, iki övladı var. O, həm ailə başçısı, həm də cəmiyyət üçün dəyərli müəllim kimi nümunəvi bir həyat sürür. Ailəsinə, vətəninə və peşəsinə olan bağlılığı ilə o, gənc nəslə yalnız sinif otağında deyil, həm də həyat tərzi ilə örnək olur.
Fərman Əliyev bu gün də vətənə, xalqa və təhsilə xidmət missiyasını yorulmadan davam etdirir. Onun timsalında biz yalnız savadlı və peşəkar bir müəllimi deyil, vətənə və millətə bağlı, milli-mənəvi dəyərlərə sadiq bir ziyalını görürük.
Kamil Məmmədzadə