Samuxda “Uşaq İncəsənət Festivalı” keçirilib
“Konstitusiya və Suverenlik İli” çərçivəsində ölkəmizin müxtəlif bölgələrində olduğu kimi, Samux rayonunda da “Uşaq İncəsənət Festivalı” təşkil olunub. Tədbir Samux rayon Heydər Əliyev Parkında keçirilib və geniş ictimaiyyətin, o cümlədən uşaqların böyük marağına səbəb olub.
Festivalda Samux Rayon İcra Hakimiyyətinin başçısının müavini Kəmalə Xəlilova, Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin rəisi Nail Məmmədov, Heydər Əliyev Mərkəzinin direktoru Nuranə Həsənova və digər rəsmi şəxslər, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbir ölkəmizin suverenliyi uğrunda şəhid olanların və Ulu Öndər Heydər Əliyevin abidəsinin ziyarəti ilə başlayıb. Ardınca iştirakçılar Heydər Əliyev Mərkəzinə ekskursiya edərək Ulu Öndərin zəngin irsi ilə tanış olublar.
PatriotNews.az saytının Qərb bölgəsi üzrə müxbiri Fərman Əliyev məlumat verir ki, festival çərçivəsində uşaq iştirakçılar üçün xalq artistləri və incəsənət xadimlərinin iştirakı ilə master-klasslar təşkil olunub, onların sualları cavablandırılıb. Rəngarəng sərgilər, teatr tamaşaları, rəqslər, bədii qiraət və sənətkarlar guşəsi tədbirə xüsusi rəng qatıb.
Əlavə olaraq, uşaqlar üçün foto kabin guşəsi, sərbəst rəsm və faceart zonaları yaradılıb. Festival boyunca çiçək paylayan obrazlı qızlar, klounlar və nağıl qəhrəmanları uşaqların sevincini daha da artırıb.
Fərman Əliyev