Gəncədə “Şəhərdaxili hərəkət (mobillik) planının hazırlanması” layihəsinin icrasına başlanacaq
Gəncədə “Şəhərdaxili hərəkət (mobillik) planının hazırlanması” layihəsinin icrasına başlanacaq
Azərbaycan Texniki Universiteti (AzTU) “Şəhərdaxili hərəkət (mobillik) planının hazırlanması” məqsədilə 26 şəhər və rayonda şəhərdaxili mobillik planının icrasını uğurla davam etdirir.
Gəncə şəhərində də sözügedən layihənin icrasına başlamaq məqsədilə, Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovla görüşüb.
Görüşdə AzTU-nun Logistika və Nəqliyyat İnstitutunun direktoru Fuad Daşdəmirov, Ömürboyu Öyrənmə Məktəbinin direktoru Aynurə İsmayılova və Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları iştirak ediblər.
Qeyd olunub ki, sözügedən layihə bölgələrin dayanıqlı inkişafına, yol şəbəkələrinin planlı layihələndirilməsi və icrasına xüsusilə əhəmiyyətli olacaq. Belə ki, layihə hamı üçün əlverişli, əlçatan və dayanıqlı nəqliyyat sistemləri, o cümlədən həssas əhali qrupundan olanların, qadınların, uşaqların, fiziki qüsurlu və yaşlı insanların ehtiyaclarına xüsusi diqqət yetirməklə, ictimai nəqliyyatın genişləndirilməsi yolu ilə yol təhlükəsizliyinin yaxşılaşdırılmasını ehtiva edir. Bildirilib ki, dövlət-universitet-sənaye tandeminin ən bariz nümunəsi olan “Şəhərdaxili hərəkət (mobillik) planının hazırlanması” üzrə məsləhət xidmətinin–layihəsi Gəncə Şəhər İcra Hakimiyyəti ilə AzTU arasında yerinə yetiriləcək ilk layihədir.
Qeyd edək ki, layihənin icrası ilə bağlı Gəncə şəhəri ilə yanaşı, Ağstafa və Qazax rayonlarında da müvafiq icra hakimiyyətlərində görüşlər keçirilib.