Elektron siqaretlər ağciyərləri necə məhv edir? – Onkoloqdan xəbərdarlıq
"Veyp çəkməyə başlayan insanların ağciyərlərində iltihab (EVALI) simptomları adətən üç ay ərzində inkişaf edir. Bu müddət veypin ağciyərlərdə ilk zərərli dəyişikliklərə səbəb olması üçün minimal hesab olunur. Lakin veypdən istifadə müddəti uzandıqca ağır fəsadlar riski də artır".
"İzvestiya" xəbər verir ki, bu barədə rusiyalı onkoloq Andrey Nefedov danışıb.
Həkimin sözlərinə görə, veyp çəkdikcə ağciyərləri qoruyan və təmizləyən makrofag hüceyrələri bədənə daxil olan toksinləri həddindən artıq toplayır. Bu toksinlər hüceyrələr tərəfindən parçalanmadığından ağciyər toxumasında iltihab yaranır və nəfəs kisəciklərində (alveollar) qaz mübadiləsi pozulur. Nəticədə EVALI inkişaf edir ki, bu da nəfəs darlığı, hərarət, döş qəfəsində ağrı, ürəkbulanma, qusma və güclü yorğunluqla özünü göstərir:
"Əgər vaxtında müalicəyə başlanılsa və veyp istifadəsi dayandırılsa, ağciyərdəki iltihabı aradan qaldırmaq və tənəffüs funksiyasını bərpa etmək mümkündür. Ancaq ağır hallarda EVALI ciddi nəfəs problemlərinə, hətta ölümə səbəb ola bilər".
Həkim əlavə edib ki, yayılan fikirlərin əksinə olaraq, veyp və elektron siqaretlər adi siqaretlərə təhlükəsiz alternativ deyil. Bu cihazlar nikotin və toksik maddələr — E vitamini asetatı, diasetil, formaldehid və asetaldehid kimi zərərli birləşmələr ehtiva edir.
"Bəziləri adi siqaretlərlə yanaşı veyp də çəkir. ABŞ-dəkı Con Hopkins Universitetinin alimlərinin araşdırmasına görə, belə vərdiş hipertoniya (yüksək qan təzyiqi), şəkərli diabet və xroniki obstruktiv ağciyər xəstəliyi (XOAQ) riskini artırır", - deyə o bildirib.