patriotnews.az
http://patriotnews.az

Comərd Qəssab türbəsi haqqında maraqlı məlumatlar.

23-11-2024, 21:10 Baxılıb: 13

 

Comərd Qəssab barədə heç bir tarixi mənbədə məlumat yoxdur. Qədim dövrdən şəhər sakinləri arasında yayılan rəvayətə görə, Comərd, Gəncənin qədim məhəllələrindən birində qəssablıq edər, əhaliyə ət satar, heç bir tərəzidən istifadə etmədən əti dəqiq və düzgün ayırarmış. 
Başqa bir rəvayətə görə, Comərd Qəssab türbəsi Məhəmməd peyğəmbərin əmisi oğlu IV raşidi xəlifəsi Əli ibn Əbu Talibin dövründə yaşamış, həddən artıq namuslu, ədalətli və insaflı bir qəssabın qəbri üstündə tikilib. Comərd Qəssab Əlinin hələ xəlifə olmadığı vaxtda karvanla Ərəbistana gedərək onunla görüşür, İslam dinini qəbul edir və qayıdarkən Gəncənin ilk müsəlmanı kimi İslam qoşunları şəhərə daxil olmamış, əhali arasında İslamın yayılması ilə məşğul olur. O düşmənlərin Gəncəyə hücumu zamanı şəhərin müdafiəsi zamanı şəhid olur. 
Qədim Gəncə ərazisində, o cümlədən Comərd Qəssab türbəsində arxeoloji tədqiqat işləri aparmış İshaq Cəfərzadə türbə haqqında bəhs edərkən deyir: Dövrümüzə qədər çatmış və yerli sakinlər arasında məşhur olan əfsanəyə görə, türbə, ədalətli və doğruluq tərəfdarı olan, dördüncü İslam xəlifəsi Əli ibn Əbu Talibin (555/556-661/662) hakimiyyəti dövründə yaşamış qəssabın məzarı üzərində inşa edilmişdir. Qəssab şəhərdə məşhur olmaqla, əhalinin hörmət və izzətini qazanmışdır
Bu məlumata əsaslanan İ.P.Şeblıkin türbənin XI-XII əsrlərdə inşa edilmiş ola billəcəyi ehtimalını irəli sürür. Ə. Salamzadə isə qeyd edir ki, Hətta Comərd Qəssabla bağlı əfsanənin düzgünlüyünə inansaq belə, onun dəfn edildiyi ehtimal edilən məzar üzərində türbənin, şəxsin yaşadığı dövrdə inşa edildiyini düşünmək olmaz. Ehtimal ki, dövrümüzə çatmış türbənin yerində əvvəllər daha qədim bir türbə olmuş, onun dağılmasından sonra isə yeni türbə inşa edilmişdir
Ə. Salamzadənin fikrincə dövrümüzə çatmış türbənin bəzi stilistik xüsusiyyətləri onun inşa tarixini XVII əsrə aid etməyə imkan verir. Bu cür fikir səsləndirərkən tədqiqatçı-memar ilk növbədə XVII-XVIII əsr türbələri üçün xarakterik olan, giriş yerlərinin böyük ölçülü olmasına əsaslanır.  
 1139-cu il Gəncə zəlzələsi zamanı Qədim Gəncə ərazisindəki əksər tikililər kimi, Comərd Qəssab türbəsi də ciddi dağıntıya məruz qalmışdır. 1940-cı ildə ilk dəfə arxeoloji tədqiqatlar aparan İshaq Cəfərzadə VII əsrə aid tapıntılar sırasında Comərd Qəssabın qəbrini də aşkar edərək üzə çıxarıb. 
XX əsrin 60-ci illərində türbə dağıdılmış, uzun müddət uçulmuş və baxımsız vəziyyətdə qalmışdır. 2004-cü ildə Heydər Əliyev Fondunun təşəbbüsü ilə Comərd Qəssabın məzarını və məzarüstü türbəsinin bərpa işlərinə başlanılmışdır. Abidənin bərpası zamanı Naxçıvan şəhərindən gətirilmiş qədim dövrün kərpicləri istifadə edilmişdir. 
Türbə planda səkkizguşəli formaya malikdir. Səkkizgüşənin küncləri həm daxildən, həm də xaricdən çıxıntılarla işlənmişdir. Xaricdən olan çıxıntılar iki qatlıdır. Künc çıxıntılarının olması abidəyə xarakterik görünüş bəxş edir. Türbənin divarlarında ox üzrə yerləşdirilmiş dörd giriş qapısı vardır. Türbənin tikintisi zamanı kvadrat formalı bişmiş kərpic və əhəng məhlulu qarışımından istifadə olunmuşdur.

 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930