Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarət Xidmətində Macarıstan nümayəndə heyəti ilə görüş keçirilib
28 aprel 2025-ci il tarixində Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarət Xidmətinin rəisi Rafiq Aslanov Macarıstanın Azərbaycandakı səfiri cənab Tamas Tarmanın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Görüşdə xidmətin rəis müavini Tural Abbasov, səfirin attaşesi Daniel Brenner, "Geogold Karpatia" şirkətinin rəhbərliyi və digər nümayəndələr iştirak ediblər.
Görüş zamanı yeraltı suların xəritələşdirilməsi, su ehtiyatlarına dair məlumatların toplanması, onların yatma dərinliyi və minerallaşma səviyyəsinin müəyyən edilməsi istiqamətində əməkdaşlıq imkanları müzakirə olunub. Eyni zamanda, tədbir iştirakçılarına Azərbaycanda yerüstü və yeraltı suların idarə olunması üzrə həyata keçirilən tədbirlər haqqında ətraflı məlumat təqdim edilib.
Xidmətin rəisi Rafiq Aslanov çıxışında beynəlxalq təcrübənin öyrənilməsinin və tətbiqinin əhəmiyyətini vurğulayaraq bildirib ki, xidmət tərəfindən yeraltı su ehtiyatlarının yenidən və daha dəqiq qiymətləndirilməsi, müşahidə və monitorinq sistemlərinin avtomatlaşdırılması, müasir hidrogeoloji xəritələrin hazırlanması kimi əsas prioritetlər müəyyən edilib.
Macarıstanın səfiri Tamas Tarma isə öz çıxışında Macarıstanın su idarəçiliyi sahəsində beynəlxalq səviyyədə tanınmış təcrübəsini qeyd edib və "Geogold Karpatia" şirkətinin Bosniya və Herseqovina, Özbəkistan, Rumıniya və Tanzaniyada həyata keçirdiyi layihələr barədə məlumat verib.
Təqdimat çərçivəsində "Geogold Karpatia" şirkəti yeraltı və yerüstü su ehtiyatlarının idarə olunması, MAR texnologiyası vasitəsilə yeraltı su ehtiyatlarının artırılması, quraqlığın monitorinqi və kadr hazırlığı sahəsində əməkdaşlıq təkliflərini səsləndirib.
Məlumat üçün bildiririk ki, "Geogold Karpatia" 2002-ci ildən fəaliyyət göstərir və 2005-ci ildən hidrologiya, geologiya və geofizika sahələrində ixtisaslaşaraq beynəlxalq layihələr həyata keçirir.