Moskvada Azərbaycan neftinin və Baybakov irsinin önəminə həsr olunmuş tədbir keçirilib
Aprelin 29-da Moskvadakı V.İ. Vernadski adına Dövlət Geologiya Muzeyində “Baybakovun irsi” adlı tədbir keçirilib. Görüş faşizm üzərində Qələbənin 80 illiyinə həsr olunub və görkəmli dövlət xadimi, Bakı şəhərində anadan olmuş Nikolay Konstantinoviç Baybakovun həyat və fəaliyyətinə, eləcə də Azərbaycanın Böyük Vətən müharibəsində və neft sənayesində oynadığı mühüm rola diqqət yönəldilib.
Tədbirdə Baybakovun silahdaşları, həmkarları, neft-qaz sahəsinin nümayəndələri, alimlər və ictimai təşkilatların təmsilçiləri iştirak ediblər.
Azərbaycanın Rusiyadakı səfirliyinin müşaviri İsmayıl Əsədov çıxışı zamanı bildirib ki, Azərbaycanda N.K. Baybakovun xatirəsinə böyük hörmətlə yanaşılır. Diplomat vurğulayıb ki, görkəmli soydaşımız Azərbaycanın ali dövlət mükafatları – “Şöhrət” və “İstiqlal” ordenləri ilə təltif olunub.
Tədbirdə Baybakovun həyatına həsr olunmuş sənədli film nümayiş etdirilib. Filmdə Sabunçuda yerləşən doğma evindən, təhsil aldığı məktəbdən və ümummilli lider Heydər Əliyevlə görüşündən nadir arxiv kadrlar yer alıb. Həmin görüş zamanı Baybakova “Şöhrət” ordeni təqdim olunub. Çıxışında Baybakov Azərbaycan xalqının müharibə illərindəki əvəzsiz rolunu xüsusi qeyd edib:
“Yəqin ki, heç bir respublika bu qədər iş görmədi. Ukrayna və Krasnodar işğal olunduqdan sonra bütün ümid yalnız Azərbaycana qaldı. Biz cəbhəyə və xalq təsərrüfatına nefti Xəzər vasitəsilə sisternlərlə çatdırırdıq. Vətənim Azərbaycanın Qələbədəki rolunu bir daha vurğulamaq istəyirəm.”
Tədbirdə çıxış edən Rusiya Neft-Qaz Sənayeçiləri İttifaqının prezidenti Gennadi Şmal və Rusiya hökumətinin sabiq vitse-premyeri Valeri Serov qeyd ediblər ki, Baybakov ömrünün sonuna qədər Azərbaycanı öz vətəni hesab edib və onun mütəxəssis kimi formalaşması birbaşa Bakı ilə bağlı olub. Serov onu da vurğulayıb ki, Rusiya neft-qaz sahəsinin inkişafında Azərbaycan məktəbinin mühüm rolu olub.
Tədbirdə Baybakov Fondunun İdarə Heyətinin sədri Aleksandr Romaşin, MDU professoru Yelena Veduta, TƏK veteranı Anatoli Anisimov, eləcə də Baybakovun nəvəsi, ictimai xadim Mariya Baybakova və nəticəsi, “Lukoil” şirkətinin əməkdaşı Pyotr Baybakov da çıxış ediblər. Görüşün sonunda Nikolay Baybakov adına ictimai mükafatlar təqdim olunub.
@Patriot News.az