Gəncə Dövlət Universitetində “Sağlam həyat tərzinin təbliği” mövzusunda tədbir təşkil edib. Tədbirdə narkomaniya ilə mübarizə, sağlam həyat tərzinin təbliği və məişət zorakılığı mövzularına toxunulub
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının (ŞBX) təşkilatçılığı, Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə Gəncə Dövlət Universitetində “Sağlam həyat tərzinin təbliği” mövzusunda tədbir təşkil edib. Tədbirdə narkomaniya ilə mübarizə, sağlam həyat tərzinin təbliği və məişət zorakılığı mövzularına toxunulub.
Patriot News.az-ın məlumatına görə, tədbirin əvvəlində Dövlət Himni səsləndirilib, sonra torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Çıxış edən Gəncə Dövlət Universitetinin humanitar məsələlər üzrə prorektoru Gülsüm Fətəliyeva narkomaniyanın cəmiyyət üçün yaratdığı ciddi təhlükələrdən və onun insan sağlamlığına vurduğu ağır zərərlərdən danışıb. O, gənclərin sağlam həyat tərzini seçməsinin vacibliyini və milli-mənəvi dəyərlərə bağlılığın bu istiqamətdə mühüm rol oynadığını qeyd edib. O, sağlam cəmiyyətin formalaşmasında narkomaniya ilə mübarizənin önəmli rolundan danışıb və respublika miqyasında bu istiqamətdə ciddi və kompleks tədbirlərin həyata keçirildiyini bildirib.
Gəncə ŞBX-nin direktor müavini Yalçın Babayev narkotik vasitələrdən istifadənin insan həyatı üçün təhlükəsindən bəhs edib. Gənclərin bu istiqamətdə mütəmadi maarifləndirilməsinin vacibliyini bildirib. O, tələbələrə pis vərdişlərdən uzaq olmağı, onlara elm öyrənməyi, idmanla məşğul olmağı və digər faydalı işlərə maraq göstərməyi tövsiyə edib.
Çıxış edən Abbas Səhhət adına xəstəxananın şöbə müdiri, həkim-terapevt Aysel Əliyeva müasir dövrdə gənclərin zərərli vərdişlərdən qorunmasının olduqca vacib olduğunu bildirib. Tədbir iştirakçılarına sağlam həyat tərzinin əsas komponentlərindən danışıb, yeniyetmə və gəncləri sağlam həyat tərzinin normalarına riayət etməyə və zərərli vərdişlərdən uzaq durmağa çağırıb.
Gəncə şəhər Narkoloji Dispanserin əməkdaşı Nurlana Rəhimova çıxışında narkotik vasitələrə yaranan asılılıqdan və ölkəmizdə narkomanlığa qarşı aparılan mübarizədən danışaraq, şəxsiyyətin formalaşması üçün cəmiyyətin nə qədər önəmli faktor olduğunu və bu sahədə ictimai maarifləndirmə işlərinin əhatəsinin genişləndirilməsinin vacibliyini diqqətə çatdırıb.
Daha sonra çıxış edən Gəncə Şəhər İcra Hakimiyyətinin nümayəndəsi Xalidə Mete məişət zorakılığı mövzusuna toxunub. Bu cür hallarının qarşısının alınması üçün maarifləndirmə işinin gücləndirilməsinin dövlətimizin daxili siyasətində bu gün də ən mühüm prioritetlərdən biri olduğunu qeyd edib. Çıxışında uşaq zorakılığı barədə danışıb və bu istiqamətdə görülən işlər barədə məlumat verib.
Gəncə ŞBX-nin hüquqşünası Hadı Hüseynov ölkəmizdə məişət zorakılığı ilə bağlı mövcud vəziyyət, məişət zorakılığına qarşı mübarizə sahəsində atılan addımlar, qısa və uzunmüddətli mühafizə orderi barədə ətraflı məlumatı tədbir iştirakçılarının diqqətinə çatdırıb. Bildirib ki, məişət zorakılığı həssas, ictimai, sosial bir mövzudur: “Məişət zorakılığı olan ailələrdə yetişən uşaqlar aqressiv və psixoloji problemli insanlar kimi formalaşır. Bu, təkcə dövlətin işi deyil, həm də cəmiyyətin, məsul insanların - ailə üzvlərinin, qohumların, qonşuların, bu ailə ilə bağlılığı olan təhsil və səhiyyə ocaqlarının da ümumi işidir. Bunun aradan qaldırılması istiqamətində yeni yanaşmalar, həll yolları tapmalı, dövlət və cəmiyyət olaraq birlikdə hərəkət etməliyik.”
Sonda gənclərin sualları cavablandırılıb, mövzu ətrafında müzakirələr aparılıb.
Patriot News.az saytının Gəncə və Qərb bölgəsi üzrə müxbiri Fərman Əliyev