PISA 2025 tədqiqatında iştirak edəcək məktəblərin direktorları ilə görüş keçirilib
Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi PISA 2025 – Beynəlxalq Şagird Qiymətləndirilməsi Tədqiqatında iştirak edəcək ümumi təhsil müəssisələrinin rəhbərləri ilə görüş təşkil edib.
Patriot News.az xəbər verir ki, tədbirdə Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Elçin Kərimov, idarənin müdir müavini Elmin Məmmədtağıyev, digər əməkdaşlar və adıçəkilən təhsil müəssisələrinin direktorları iştirak ediblər.
Görüş zamanı çıxış edən Elçin Kərimov qeyd edib ki, ölkəmiz PISA beynəlxalq tədqiqatında 2018-ci ildən iştirak edir. 2025-ci ildə isə Gəncə-Daşkəsən regionundan ümumilikdə 11 məktəbin şagirdləri bu qiymətləndirməyə cəlb olunacaq. Belə ki, Gəncə şəhərindən 6, Göygöl rayonundan 3, Goranboy və Daşkəsən rayonlarının hər birindən 1 məktəb PISA 2025-də təmsil olunacaq.
Qeyd edək ki, PISA (Programme for International Student Assessment) İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) tərəfindən hər 3 ildən bir keçirilən beynəlxalq qiymətləndirmə tədqiqatıdır. Tədqiqatın məqsədi ümumi təhsil müəssisələrində təhsil alan 15 yaşlı şagirdlərin oxu, riyaziyyat, təbiət elmləri və yaradıcı düşünmə sahələrində bilik və bacarıqlarını qiymətləndirmək, eləcə də onların bu bilikləri gündəlik həyatda tətbiq edə bilmə qabiliyyətlərini ölçməkdir.
PISA 2025-in ölkə üzrə icrası Təhsil İnstitutu tərəfindən təşkil olunacaq və tədqiqatda 8 mindən artıq şagirdin iştirakı nəzərdə tutulur.