Yekaterinburqda Azərbaycanlı Tələbələr Arasında "Konstitusiya və Suverenlik İli" Çərçivəsində Viktorina Keçirildi
24 may 2025-ci il tarixində "Konstitusiya və Suverenlik ili" çərçivəsində Yekaterinburq Kitabxana Mərkəzində Azərbaycan Respublikasının Yekaterinburqdakı Baş Konsulluğunun təşkilatçılığı, “Azərbaycan-Ural” İctimai Milli-Mədəni Təşkilatının və Rusiya Azərbaycanlı Gənclər Birliyinin (RAGB) Sverdlovsk vilayətindəki nümayəndəliyinin dəstəyi ilə Yekaterinburq şəhərində təhsil alan azərbaycanlı tələbələr arasında peşəkar əsasda viktorina keçirilib.
Tədbirin açılışında çıxış edən Azərbaycan Respublikasının Yekaterinburqdakı Baş Konsulu v.i.e. Şöhrət Mustafayev və RAGB-nin Sverdlovsk vilayətindəki nümayəndəliyinin rəhbəri Toğrul Həsənzadə konstitusiya və suverenlik ilinə həsr olunmuş intellektual yarışın əhəmiyyətindən danışıblar və iştirakçılara uğurlar arzulayıblar.
Peşəkar əsasda hazırlanmış viktorina 3 raund və duel hissəsindən ibarət olub. Yarışın yekununda komandalar topladıqları ballara əsasən aşağıdakı kimi sıralanıblar:
1-ci yer: "Zəfər" komandası
2-ci yer: “Nar” komandası
3-cü yer: “Xraniteli Oqnya” komandası.
Qalib komandalar Azərbaycan Respublikasının Yekaterinburqdakı Baş Konsulluğu tərəfindən müxtəlif məbləğdə pul mükafatları, Baş Konsulluğun ofis dəsti və müvafiq yerlərə görə diplomlarla təltif olunublar. Digər komandaların üzvlərinə isə turnirdə iştiraklarına görə təşəkkürnamələr təqdim edilib.
Tədbir Azərbaycan və Rusiya gəncləri arasında dostluq və həmrəyliyin möhkəmləndirilməsi, konstitusiya və suverenlik mövzularında biliklərin artırılması baxımından mühüm əhəmiyyət daşıyıb.
@ Patriot News.az