QARABAĞA QAYIDIŞ: AYBASANLI, ŞIXLI VƏ ŞƏKƏRCİK KƏND SAKİNLƏRİNİN DOĞMA YURDA ZİYARƏTİ
QARABAĞA QAYIDIŞ: AYBASANLI, ŞIXLI VƏ ŞƏKƏRCİK KƏND SAKİNLƏRİNİN DOĞMA YURDA ZİYARƏTİ
Azərbaycan Respublikası "Qarabağ Qaziləri" Birliyinin Füzuli rayon filialının sədri Nəriman Əliyevin təşəbbüsü və təşkilatçılığı ilə 2025-ci il mayın 18-də Füzuli rayonunun Aybasanlı, Şıxlı və Şəkərcik kənd sakinləri 30 ildən sonra ilk dəfə öz doğma yurd yerlərini ziyarət ediblər.
Bu tarixi səfərdə ağsaqqallar, ziyalılar, tanınmış incəsənət xadimləri, şəhid ailələri, qazilər və müharibə iştirakçıları iştirak ediblər. Onlar doğma kəndlərinə qayıdaraq, həsrətlə gözlədikləri ata-baba yurdlarını, doğmalarının məzarlarını, şəhidlərin uyuduğu qəbirləri ziyarət ediblər və dualar oxuyublar. Ziyarətçilər həmçinin Seyid Əşrəf Ağanın evinə baş çəkərək erməni vandallarının törətdikləri dağıntıları bir daha xatırlayıblar.
Kənd sakinləri ermənilərin viran qoyduğu evlərə, xarabalığa çevrilmiş yurd yerlərinə gedərək unudulmaz anlar yaşayıblar. Ziyarət zamanı Birinci və İkinci Qarabağ müharibəsi iştirakçısı, “Adlım – Sanlım Aybasanlım” (Aybasanlım və Aybasanlılar) kitabının müəllifi Nəriman Əliyev və digər çıxış edənlər bildiriblər ki, azad edilmiş hər qarış torpaq, hər ev, hər cığır və hər ağac onlar üçün müqəddəsdir. Doğma yurda qayıdış həm sevinc və qürur, həm də şəhidlərin xatirəsi ilə dolu kədərli hisslərlə müşayiət olunub.
Onlar bu sevinci, inamı və qüruru Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qalib Ordumuza və xalqımıza borclu olduqlarını vurğulayıblar. Bu Qələbə və əmin-amanlıq üçün bütün şəhidlərə, qazilərə və müharibə iştirakçılarına minnətdarlıq ifadə olunub.
Ziyarət zamanı 500-dən çox insanın iştirak etdiyi tədbirdə isti hava şəraitini nəzərə alaraq çadırlar qurulub, ziyarətçilərin rahatlığı üçün süfrələr açılıb və şəhidlərin xatirəsinə lövhələr hazırlanıb.
Respublika "Qarabağ Qaziləri" Birliyinin sədri Asəf Əliyev, idarə heyəti və bütün üzvləri adından, Nəriman Əliyevin təşkilatçılığı və fədakarlığına dərin təşəkkür bildirilib.
“Allah canını fəda etmiş bütün şəhidlərimizin, dünyasını dəyişmiş qazilərimizin ruhunu şad etsin, məkanlarını cənnət etsin. Sağlamlığını itirmiş qazilərimizə şəfa, bütün müharibə iştirakçılarına can sağlığı versin! Allah Müzəffər Ali Baş Komandan İlham Əliyevi, Ordumuzu, xalqımızı və dövlətimizi qorusun! Amin!”
@Patriot News.az