Azərbaycan FHN MDB ölkələrinin birgə təlimində iştirak edib - VİDEO
Bu gün, 10:31
Baxılıb: 4
MDB ölkələrinin fövqəladə halların nəticələrinin aradan qaldırılması üzrə qurumlarının birgə təlimi
Azərbaycan Fövqəladə Hallar Nazirliyi MDB ölkələrinin birgə təlimində iştirak edib.
Bu barədə FHN-in Mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, Müstəqil Dövlətlər Birliyinin Təbii və texnogen xarakterli fövqəladə hallar üzrə Dövlətlərarası Şurasının 36-cı iclasında qəbul olunmuş qərarın icrası məqsədi ilə 19-23 may tarixlərində Rusiya Federasiyasının Mülki Müdafiə, Fövqəladə Hallar və Təbii Fəlakətlərin Nəticələrinin Aradan Qaldırılması üzrə Nazirliyinin Noqinsk Xilasetmə Mərkəzinin poliqonunda MDB ölkələrinin təbii və texnogen xarakterli fövqəladə halların nəticələrinin aradan qaldırılması üzrə qurumlarının birgə təlimi keçirilib.
Genişmiqyaslı dağıntı ilə müşayiət olunan zəlzələnin nəticələrinin aradan qaldırılması
"Genişmiqyaslı dağıntı ilə müşayiət olunan zəlzələnin nəticələrinin aradan qaldırılması" mövzusunda keçirilən birgə təlimdə Azərbaycan Respublikasını Fövqəladə Hallar Nazirliyinin Beynəlxalq Axtarış-xilasetmə Dəstəsi təmsil edib. Təlimə Azərbaycan Fövqəladə Hallar Nazirliyinin 30 nəfərdən ibarət şəxsi heyəti və 5 ədəd texnikası cəlb edilib.
Təlim zamanı qüvvə və vasitələrin operativ olaraq fövqəladə hadisə rayonuna cəlb edilməsi, bölmələrin yerləşməsi üçün çadır düşərgəsinin qurulması, koordinasiya mərkəzinin açılması və qarşılıqlı fəaliyyətin təşkili, təyin olunmuş iş sahələrində axtarış-xilasetmə əməliyyatları zamanı fəaliyyətin təhlükəsizliyinin təmin olunması məqsədilə ərazidə kəşfiyyat tədbirlərinin icrası və uçma təhlükəsi olan tikililərin möhkəmləndirilməsi, hündürlükdə və dağıntılar altında axtarış-xilasetmə tədbirlərinin həyata keçirilməsi üzrə tapşırıqlar Fövqəladə Hallar Nazirliyinin Bynəlxalq Axtarış-xilasetmə Dəstəsinin qüvvə və vasitələri cəlb olunmaqla uğurla icra edilib. Təlim zamanı, həmçinin pilotsuz uçuş aparatları tətbiq olunmaqla ərazidə yaranmış vəziyyətin qiymətləndirilməsi, müasir idarəetmə və rabitə vasitələrinin tətbiqi ilə yanaşı, şəxsi heyətin həyat və sağlamlığının qorunması üzrə məsələlər də diqqət mərkəzində saxlanılıb.
Eyni zamanda, sadələşdirilmiş sərhədkeçmə və gömrük prosedurlarının icrası da təlim zamanı əsas fəaliyyət istiqamətlərindən olub.
Təlim çərçivəsində iştirakçılar Noqinsk xilasetmə mərkəzinin imkanları, fəaliyyət istiqamətləri və maddi-texniki bazası ilə də tanış olublar. Bununla yanaşı, “Fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması üzrə tapşırıqların icrası məqsədilə pilotsuz uçuş aparatlarının tətbiqi”, “Axtarış-xilasetmə əməliyyatları zamanı psixoloji təminatın təşkili” “Fövqəladə halların nəticələrinin aradan qaldırılması əməliyyatları zamanı rabitənin təşkili”, “Dalğıc işlərinin həyata keçirilməsi” və “Kinoloji bölmələrin fəaliyyətinin təşkili” mövzularında seminarlar təşkil edilib.
Təlimdə xüsusi fərqlənən əməkdaşların mükafatlandırılması
Sonda təlim üzrə fəaliyyətin təhlili aparılıb, həmçinin Rusiya Federasiyası Fövqəladə Hallar Nazirliyinin rəhbərliyi tərəfindən təlimdə xüsusi fərqlənən əməkdaşlara mükafatlar təqdim edilib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: