Eks-prezidentlər Paşinyana qarşı - baş nazirə qarşı gizli ittifaq qurulur - ŞƏRH
Digər tərəfdən isə erməni müxalifəti müəyyən nəticələr əldə etməyə, daxili sosial problemləri, narazılıqları iqtidara qarşı istifadə edərək, möhkəmlənməyə, ictimai rəyi artırmağa çalışır. Müxalifət xarici dəstəyi artırmaqla mümkün çatışmazlıqları kompensasiya etməyə çalışır. Məsələn, Ermənistanın sabiq prezidenti Robert Koçaryan mətbuat konfransı keçirərək, ölkənin Aİ-yə üzvlük prosesi ilə bağlı parlamentdə qəbul edilən qanun layihəsini sərt tənqid edib. Sabiq prezidentin bəyanatlarının təhlili göstərir ki, əsas iki istiqamət seçilib: Qarabağ erməniləri kartı və Rusiyadan qopmağın fəsadları. Bununla da Koçaryan həm müəyyən dairələrə, xüsusən də şimala dəstək üçün mesaj göndərib, həm də Qarabağ erməniləri kartından növbəti parlament seçkilərində iştirak edəcəyinə işarə verib. Heç şübhəsiz ki, açıqlamalarında separatçı Samvel Şahramanyanın adını hallandırması, onu təmizə çıxarmaq istəyi də bununla əlaqədardır. Bununla yanaşı, Robert Zəngəzur dəhlizi ilə bağlı açıqlamasında da İrana işarə edərək, Tehrana bununla mesaj göndərmiş sayılıb. Ümumi olaraq, keçmiş siyasətçinin çıxışı son günlər baş verən hadisələr fonunda müxalifəti təşkilatlanmaya, Rusiyadan xüsusi dəstək almağa yönəlik sayılır.
Koçaryanın Serj Sarkisyanla, yəni Ermənistanın üçüncü prezidenti ilə bağlı verdiyi açıqlamalar xüsusi diqqət cəlb edib. Onun sözlərindən belə anlaşılır ki, sabiq prezidentləri birləşdirən məqsəd Paşinyanın hakimiyyətdən uzaqlaşdırılmasıdır. Əlavə olaraq, Koçaryana yaxın media orqanlarında bu açıqlama ilə bağlı verilən şərhlərdən də anlamaq olar ki, Ermənistanın ikinci və üçüncü prezidentləri baş nazirə qarşı gizli ittifaq qurublar və ya yaxın günlərdə bu işlə bağlı ciddi addımlar atılacaq. Bu da o deməkdir ki, Paşinyana qarşı yeni cəbhə yaranır və Robertlə Serjin ittifaqı vəziyyəti bir az da qəlizləşdirə bilər.
Eyni zamanda “Hayastan” bloku və “Ana Ermənistan” ictimai nəqliyyat tariflərinin artırılmasını bəhanə edərək, hər gün etirazlara qalxır, aksiyalar keçirir. Məqsəd paytaxt İrəvanda kütləvi nümayişlərə, etirazlara nail olmaqdır. Bununla belə, deputatların belə küçələrə düşməsi, avtobus və digər ictimai nəqliyyat vasitələrinə daxil olması etirazın kütləviləşməsi ilə nəticələnmir. Bu da sadə erməni vətəndaşının artıq nə iqtidara, nə də müxalifətə bel bağlamaq istəmədiyi faktını üzə çıxarır. Neçə aydır paytaxt İrəvanda ictimai nəqliyyatda qiymət artımı ilə bağlı etirazlara hökumətin fərqli reaksiyası da üzə çıxıb. Əvvəlcə rayon administrasiyalarının əməkdaşlarına gediş haqqının bahalaşmasına etiraz edən, gediş haqqını ödəməyən vətəndaşlara qarşı çıxmaq tapşırılsa da, bu yaxınlarda əmr dəyişdirilib.
Yeni təlimata əsasən, hətta şəxsi avtomobili olanlar da işə gedib-gəlmək üçün ictimai nəqliyyatdan istifadə etməlidirlər. Buna səbəb isə sosial şəbəkələrdə etiraz edən insanları təhqir edən şəxslərin bələdiyyə işçiləri, inzibati ərazi dairəsi əməkdaşlarının olduğu barədə çoxsaylı faktların üzə çıxması olub. Ehtimal etmək olar ki, sonuncu təlimatla aranı sakitləşdirmək, insanlarda daha çox əsəbə və narazılığa səbəb olacaq hərəkətlər sərgiləməmək nəzərdə tutulub.
Qeyd etmək yerinə düşər ki, partiya iclasında Şirak qubernatoru David Aruşanyan, Gümrü Ağsaqqallar Şurasının üzvləri, hətta Şirakın sabiq qubernatoru Muşeq Muradyan da iştirak edib. Bütün diqqət və müzakirələr məhz Gümrü seçkiləri ilə bağlı olub. Bununla belə, söyləmək yerinə düşər ki, hakim partiyanın Gümrü seçkiləri ilə bağlı ciddi narahatlıqları var.
Paşinyandan fərqli olaraq, onlar bu seçkidə qələbəyə şübhə ilə yanaşırlar. Çünki qarşı tərəf Ruben Mxitaryan, Vardan Qukasyan, Karen Simonyan və Martun Qriqoryan kimi namizədlərə üstünlük verib və sözügedən şəxslər Gümrüdə kifayət qədər böyük nüfuza sahibdirlər və seçkidən əvvəl hakim partiya əleyhinə səs toplamaqla məşğuldurlar.
Qeyd edək ki, fevralın 8-də Ovik Ağazaryan və “Vətəndaş müqaviləsi”ndən xaric edilmiş digər deputat Akop Aslanyanın yeni yaradılmış “Vahid Milli Sosialist Partiyası”nın təsis qurultayı keçirilib və Ağazaryan bəyan edib: “Biz Nikol Paşinyanın yenidən seçilməməsi və yenidən baş nazir olmasının qarşısını almaq üçün mübarizə aparacağıq”. Ağazaryan planı müdaxilələrdən qorumaq üçün dəqiq tarix söyləmir və bu barədə açıqlama verməkdən imtina edir.
Yeri gəlmişkən, bu yaxınlarda erməni mətbuatında müxalifətin gizli lider üzərində işlədiyi, bu şəxsin siyasətdə dönüş edəcəyi barədə bir neçə məqalə yayımlanıb. Ehtimal etmək olar ki, müxalifət bu fikri ya qəsdən ortaya ataraq diqqətləri dağıtmağa çalışır, ya da gizli lider hazırlanıb sadəcə onun xarici xüsusi xidmət orqanları ilə razılaşmasını gözləyir. Hər bir halda, söyləmək olar ki, Ermənistanın siyasi arenasında ciddi təlatümlər baş verir və vəziyyət getdikcə gərginləşməyə doğru gedir. Görünür, 2026-cı il seçkilərinə qədər hələ çox sular axacaq...(Report)