patriotnews.az
http://patriotnews.az

Gəncədə Müharibə Veteranları Qadınlarına Sosial Yardım İctimai Birliyinin Təşkilatçılığı ilə Tədbir Keçirilib

Dünən, 10:13 Baxılıb: 125

 

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2025-ci ildə elan etdiyi qrant müsabiqəsinin qaliblərindən biri Müharibə Veteranı Qadınlarına Sosial Yardım İctimai Birliyinin "Şəhid ailələri ilə iş" adlı layihəsi olub. Layihə çərçivəsində ölkənin müxtəlif bölgələrində silsilə tədbirlərin təşkili nəzərdə tutulur. Xüsusilə, işğaldan azad olunmuş ərazilərə köçmüş əhalinin adaptasiyası məqsədilə də şəhid ailələri və qazilərlə görüşlər planlaşdırılıb.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamına əsasən, 2025-ci il "Azərbaycan Konstitusiyası və Dövlət Quruculuğu İli" elan olunub. Bu baxımdan, layihənin icrası da bütövlükdə Konstitusiya ilinə bir töhfə və hədiyyə kimi qiymətləndirilir.

Layihənin icrası çərçivəsində növbəti tədbir Gəncə şəhərində keçirilib. Tədbirdə şəhid ailələri, qazilər, dövlət qurumlarının nümayəndələri, QHT-lər, ziyalılar, elm və mədəniyyət xadimləri iştirak ediblər.

Tədbirdən əvvəl iştirakçılar ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüblər. Daha sonra Şəhidlər xiyabanına gedərək torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin məzarları ziyarət olunub və onların xatirəsi ehtiramla yad edilib.

Rəsmi hissə Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ardınca ulu öndər Heydər Əliyevin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbiri Müharibə Veteranları Qadınlarına Sosial Yardım İctimai Birliyinin sədri Radə Abbas açaraq tədbir iştirakçılarını salamlayıb və layihənin əhəmiyyətindən danışıb. O bildirib ki, dövlət tərəfindən şəhid ailələrinə və qazilərə yüksək diqqət və qayğı göstərilir, QHT-lər isə bu missiyanı ictimai dəstək tədbirləri ilə tamamlayır.

Radə Abbas qeyd edib:
"Müharibə Veteranları Qadınlarına Sosial Yardım İctimai Birliyi olaraq, şəhid ailələrinin, qazilərimizin sosial müdafiəsi, psixoloji və hüquqi dəstəklə təmin olunması üçün daim fəaliyyət göstəririk. Layihəmiz çərçivəsində müxtəlif bölgələrdə tədbirlər keçirərək bu ailələrin ehtiyaclarını dinləyir və dəstək veririk."

Daha sonra Müharibə Veteranı Qadınlara Sosial Yardım İctimai Birliyinin sədr müavini Şəhla Hüseynova layihənin məqsəd və hədəflərindən danışıb:
"Bu layihə həm dövlət proqramlarına dəstək xarakteri daşıyır, həm də cəmiyyətin sosial həmrəyliyinin gücləndirilməsinə xidmət edir. Əsas hədəfimiz şəhid ailələrinin və qazilərin sosial adaptasiyasına kömək etməkdir."

Qarabağ Qaziləri İctimai Birliyinin Gəncə filialının sədri Eyvaz Hüseynov çıxışında qeyd edib ki, dövlət tərəfindən qazilərə və şəhid ailələrinə göstərilən diqqət və qayğı davamlıdır:
"Müharibədə iştirak edən igidlərimizin qəhrəmanlığı tariximizin şanlı səhifələridir. Onların xidmətləri daim yüksək qiymətləndirilir."

Azərbaycan Dövlət Aqrar Universitetinin müəllimi, tarix elmləri doktoru Azad Bayramov çıxışında Azərbaycanın tarixində müstəqilliyin qorunması və ərazi bütövlüyü uğrunda şəhid olmuş igidlərin yerinin əvəzolunmaz olduğunu bildirib:
"Bu gün əldə olunan uğurlar şəhidlərimizin, qazilərimizin fədakarlığı hesabına qazanılıb. Onların misilsiz qəhrəmanlığı gələcək nəsillərə örnək olacaqdır."

"Telli Sənəm" jurnalının şöbə müdiri Nailə Nübar da çıxış edərək şəhid ailələrinin cəmiyyətimizdə tutduğu yüksək mövqedən danışıb:
"Bu tədbirlər şəhidlərimizin müqəddəs ruhuna ehtiram, onların ailələrinə isə mənəvi dayaqdır. Cəmiyyət olaraq onların yanında olmaq bizim borcumuzdur."

Şairə Dəniz Əlizadə isə bədii sözlə şəhidlərimizin qəhrəmanlığını tərənnüm edib:
"Vətən torpağı şəhidlərimizin qanı ilə sulanıb. Onların rəşadətli döyüş yolu xalqımızın yaddaşında daim yaşayacaq."

Tədbirdə çıxış edən şəhid anası, qazi Nailə Ələkbərova minnətdarlıq edərək bildirib:
"Belə tədbirlər şəhid ailələri üçün həm təsəlli, həm də göstərilən diqqət və qayğının bariz nümunəsidir. Dövlətimizin və ictimai təşkilatlarımızın dəstəyi bizim üçün böyük mənəvi dayaqdır."

Tədbirin sonunda Müharibə Veteranları Qadınlarına Sosial Yardım İctimai Birliyi tərəfindən şəhid analarına layihə adından qiymətli hədiyyələr təqdim olunub.

Belə tədbirlər bir daha sübut edir ki, şəhid ailələri və qazilər daim dövlətin, cəmiyyətin və vətəndaş cəmiyyətinin diqqət mərkəzindədir.        

Ceyhun Əliyev

 

 







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30