Azərbaycan gənclərinin vətənpərvərlik ruhunu gücləndirmək, onları milli dəyərlərə və dövlətçiliyə daha sıx bağlamaq məqsədilə “Vətənpərvər Maarifçi Gənclər” İctimai Birliyi tərəfindən Beyləqan şəhərində “Gəncliyin Vətən Yolu” adlı konfrans təşkil edilib. Layihə üç ay davam edib və gənclərin fəal iştirakçısı olduğu bu təşəbbüsün rəhbəri Nəsimi Həsənov olub.
Layihənin əsas məqsədi region gənclərinin milli kimlik şüurunu inkişaf etdirmək, dövlətçilik ənənələrini tanıtmaq və onları vətənə daha yaxın etmək idi. Konfrans çərçivəsində Azərbaycan tarixi, müasir dövlət quruculuğu və gənclərin cəmiyyətə töhfəsi haqqında geniş müzakirələr aparılıb.
Konfransın əsas mesajlarından biri vətənpərvərliyin təkcə hərbi xidmətlə məhdudlaşmadığını, eləcə də onun təhsil, mədəniyyət, idman və digər sahələrdə özünü göstərdiyini vurğulamaq olub. İştirakçılara bildirilib ki, hər bir gənc vətənə müxtəlif yollarla xidmət edə bilər və bunun üçün ilkin şərt milli dəyərlərə sadiq qalmaqdır.
Konfrans zamanı gənclərin maraqla dinlədiyi və fəal iştirak etdiyi mövzulardan bəziləri azərbaycançılıq ideologiyasının mahiyyəti və dövlət quruculuğundakı rolu, Vətən müharibəsindən sonra gənclərin üzərinə düşən vəzifələr, informasiya müharibəsində gənclərin rolu: sosial medianın təsiri, müasir vətəndaş anlayışı və cəmiyyət qarşısında məsuliyyət, Şəhidlərin xatirəsinin əbədiləşdirilməsi və bu mövzunun gənclər üçün önəmi olub.
Müzakirələr zamanı iştirakçılar gənclərin vətənpərvərlik duyğularını necə inkişaf etdirməli olduqları, dövlətə bağlılığı artırmağın yolları və təhsil vasitəsilə milli şüurun gücləndirilməsi barədə fikirlərini bölüşüblər.
Konfransın keçirilməsi gənclər arasında vətənpərvərlik hisslərinin daha da güclənməsinə səbəb olub. Bu layihə gənclərin özlərini Azərbaycanın gələcək inkişafında aktiv rol oynamağa motivasiya etməsinə şərait yaradıb. Onlar vətəndaş cəmiyyətində daha fəal olmağa, dövlətin inkişafına töhfə verməyə və ölkənin rifahı naminə fərdi şəkildə öz bacarıqlarını artırmağa həvəsləniblər.
Belə tədbirlərin digər regionlarda da keçirilməsi planlaşdırılır. Gələcəkdə gənclərin daha geniş formatda diskussiyalara cəlb olunması, vətənpərvərlik mövzusunda gənclər üçün praktiki təlimlərin təşkili, gənclərin şəhid ailələri ilə daha sıx ünsiyyətdə olması üçün yeni təşəbbüslərin irəli sürülməsi, tarixi yerlərə və abidələrə gənclərin səfərlərinin təşkil olunması istiqamətlərdə fəaliyyətin davam etdirilməsi nəzərdə tutulur.
Bu konfrans sübut etdi ki, Azərbaycan gəncliyi milli dəyərlərinə sahib çıxmağa və gələcəkdə ölkənin inkişafına öz töhfəsini verməyə hazırdır. Beyləqan şəhərində keçirilən “Gəncliyin Vətən Yolu” layihəsi də bu istiqamətdə atılan uğurlu addımlardan biri kimi yadda qaldı.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.