"ASAN xidmət" təcrübəsi Karib hövzəsində: Barbadosda əməkdaşlıq müzakirələri
25–29 may 2025-ci il tarixlərində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin nümayəndə heyəti Barbados Respublikasının Baş nazirinin Ofisinin dəvəti ilə bu ölkəyə səfər edib. Səfərin əsas məqsədi “ASAN xidmət” təcrübəsinin Barbadosda tətbiqi imkanlarını müzakirə etmək və qarşılıqlı əməkdaşlıq məsələlərini nəzərdən keçirmək olub.
Barbadosun dövlət xidmətlərinə məsul naziri ilə keçirilən görüşdə nazir dövlət xidmətlərinin təkmilləşdirilməsinin hökumətin əsas prioritetlərindən biri olduğunu vurğulayaraq, bu istiqamətdə Azərbaycanın qabaqcıl “ASAN xidmət” modelindən öyrənmək istədiklərini bildirib. Barbados tərəfi həmçinin “ASAN xidmət” təcrübəsinin ölkələrində tətbiqinə dair saziş imzalamağa hazır olduqlarını bəyan edib.
Patriot News.az xəbər verir ki, səfər çərçivəsində Barbadosun müxtəlif dövlət qurumlarının rəhbərləri və yüksək vəzifəli hökumət nümayəndələrinin iştirakı ilə “ASAN xidmət” və Dövlət Agentliyinin təşəbbüsü ilə dövlət xidmətlərinin göstərilməsi sahəsində tətbiq olunan innovativ həllərin təqdimatı keçirilib. Tədbirdə Dövlət Agentliyinin nümayəndələri “ASAN xidmət” modelinin prinsipləri, göstərilən xidmətlər, “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin fəaliyyəti, beynəlxalq əməkdaşlıq sahəsində əldə olunan nailiyyətlər və bu təcrübənin artıq 30-dan çox ölkə ilə bölüşüldüyü barədə geniş təqdimatlar təqdim ediblər.
Nümayəndə heyəti səfər zamanı Barbadosun bir sıra yerli dövlət qurumlarının fəaliyyəti ilə də yaxından tanış olub.
Bundan əlavə, nümayəndə heyəti BMT-nin İqtisadi və Sosial Məsələlər üzrə Departamentinin təşkilatçılığı və BMT-nin Latın Amerikası və Karib hövzəsi üzrə İqtisadi Komissiyasının tərəfdaşlığı ilə keçirilən “Dövlət sektorunda idarəetmənin gələcəyi: innovasiya və dövlət sektorunun transformasiyası üçün düşüncə tərzinin dəyişdirilməsi” mövzusunda beynəlxalq tədbirdə iştirak edib. Burada əsas diqqət Karib hövzəsi ölkələrində dövlət xidmətlərinin təkmilləşdirilməsi məsələlərinə yönəlib.
Tədbirdə Dövlət Agentliyinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri “ASAN xidmət” konsepsiyası haqqında geniş təqdimatla çıxış edərək, bu modelin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında dövlət xidmətlərinin göstərilməsi sahəsində həyata keçirilən islahatların mühüm tərkib hissəsi olduğunu və vətəndaşların böyük rəğbətini qazandığını qeyd edib.
Səfər çərçivəsində Karib hövzəsi ölkələrinin nümayəndələri ilə keçirilən ikitərəfli görüşlərdə əməkdaşlıq imkanları və “ASAN xidmət” modelinin tətbiqi perspektivləri geniş müzakirə olunub.
@Patriot News.az