Gəncədə “Zəfərdən zəfərə gedən yol” adlı tədbir keçirilib
Tədbirdə Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının Şəhərin mədəni irsinin qorunması şöbəsinin müdiri Yadigar Bədəlov, Aparatın Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri, ehtiyatda olan mayor Mahir Hüseynov, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, polkovnik Cəlil Xəlilov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Gəncə Bölməsinin sədri Həsən Məmmədov, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Elçin Kərimov, Gəncə Tibb Kolleci PHŞ-nin direktoru, Əməkdar həkim Mehman Rzayev, Gəncə Qarabağ qaziləri Birliyinin sədri Eyvaz Hüseynov, Veteranlar Təşkilatının Gəncə şəhər şöbəsinin sədri Yusif Məmmədov və digər rəsmi şəxslər iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər. Daha sonra tədbirə başlayan zaman Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Çıxış edən Yadigar Bədəlov tədbir iştirakçılarını Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun adından salamlayaraq tədbirin əhəmiyyətini vurğulayıb. O qeyd edib ki, Azərbaycan xalqı tarix boyu bir çox sınaqlardan alnıaçıq çıxıb. İkinci Dünya müharibəsində və 44 günlük Vətən müharibəsində göstərilən qəhrəmanlıq, xalqın mübarizə ruhunun təzahürüdür. Gəncə şəhərinin müharibə dövründə raket hücumlarına məruz qalmasına baxmayaraq, xalqın göstərdiyi iradə və cəsarət Azərbaycan tarixində qızıl hərflərlə yazılıb.
Polkovnik Cəlil Xəlilov çıxışında Azərbaycan xalqının həm İkinci Dünya müharibəsində, həm də Vətən müharibəsində qələbəyə verdiyi töhfədən bəhs edib. O bildirib ki, 1941–1945-ci illərdə 700 mindən çox azərbaycanlı cəbhəyə yollanıb, onların yarısı döyüşlərdə həlak olub. Eyni qəhrəmanlıq 2020-ci ildə 44 günlük müharibədə də özünü göstərib. Azərbaycanın Müzəffər Ordusu düşmənə layiqli cavab verərək tarixi ədaləti bərpa edib.
Tədbirdə çıxış edən ehtiyatda olan mayor, “Rəşadət” ordenli Mahir Hüseynov Vətən müharibəsində iştirak etməyindən və döyüş xatirələrindən danışıb. O, Azərbaycan Ordusunun göstərdiyi peşəkarlıq və ruh yüksəkliyindən qürur hissi ilə söz açıb.
Veteranlar Təşkilatının Gəncə şəhər şöbəsinin sədr müavini Faxrəddin Usenov isə İkinci Dünya müharibəsi ilə bağlı maraqlı faktları diqqətə çatdırıb və həmin müharibədə iştirak etmiş atası ilə bağlı xatirələrini bölüşüb.
Tədbirin sonunda iştirakçılarla xatirə şəkli çəkdirilib.