patriotnews.az
http://patriotnews.az

Türk Dövlətləri Təşkilatının güclənməsində Azərbaycanın rolu böyükdür

26-05-2025, 09:02 Baxılıb: 0

Türk Dövlətləri Təşkilatının güclənməsində Azərbaycanın rolu böyükdür

Xanlar Fətiyev,
Milli Məclisin deputatı

Son günlərin əsas siyasi hadisələrindən biri də Macarıstanın paytaxtı Budapeştdə təşkil olunan Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşüdür. Bu toplantı türk dünyasının qlobal miqyasda artıq bir siyasi-iqtisadi gücə çevrildiyini nümayiş etdirdi. Avropa İttifaqının üzvü olan bir dövlətdə keçirilməsi isə bu tədbirə olan beynəlxalq marağı və diqqəti daha da artırdı. 
Müasir dünya nizamı sürətlə dəyişməkdə və böyük dəyişikliklərə məruz qalmaqdadır. Beynəlxalq münasibətlərdə tarixən formalaşmış bir sıra ənənəvi siyasi-iqtisadi stereotiplər sıradan çıxır və yeniləri ilə əvəz olunur. Təbii ki, bütün bunlar hər bir dövlətin qarşısında yeni çağırışlar yaradır, dəyişən dünya nizamının tələblərinə uyğun prioritetlərin müəyyənləşdirilərək həyata keçirilməsini tələb edir. 
Bu qlobal şəraiti türk dövlətləri də düzgün dəyərləndirir, yeni formalaşan dünya nizamının reallıqlarına uyğun fəaliyyət proqramı həyata keçirirlər. Türk dövlətlərinin öz aralarındakı siyasi və iqtisadi əməkdaşlığı dərinləşdirmələri və bu məqsədlə TDT-ni yaradaraq təşkilatlanmaları da deyilənlərin bariz nümunəsidir. Təməli 2009-cu ildə Azərbaycanda qoyulan TDT türk dövlətlərinin regional və qlobal proseslərə təsir imkanlarını artıran, onlara öz milli maraqlarını daha güclü müdafiə etməyə imkan verən vacib platformadır. 2009-cu il oktyabrın 3-də Naxçıvan şəhərində imzalanan Sazişə əsasən yaradılan təşkilatın məqsəd və vəzifələri tərəflər arasında qarşılıqlı etimadın möhkəmləndirilməsi, regionda və dünyada sülhün bərqərar olunması, xarici siyasət məsələlərinə vahid yanaşmanın təşviqi, ortaq maraq kəsb edən bütün sahələrdə regional və ikitərəfli əməkdaşlığın gücləndirilməsi, terrorçuluq, separatçılıq, ekstremizm və transmilli cinayətkarlığa qarşı mübarizənin əlaqələndirilməsi, elm, texnologiyalar, təhsil və mədəniyyət sahəsində qarşılıqlı əlaqələrin genişləndirilməsi,  ticarət əlaqələri və investisiyalar üçün əlverişli şəraitin yaradılması və sairdir. 
Azərbaycan Respublikası TDT-ni qurucularından biri olaraq türk dövlətlərinin səylərinin birləşdirilməsini qlobal çağırışların vaxtında və effektiv qiymətləndirilməsi baxımından önəmli vasitə hesab edir.  Bakı TDT-yə həm bu məqsədin reallaşdırılması, həm də türk dövlətlərinin ikitərəfli əməkdaşlığını genişləndirmək və dərinləşdirmək üçün vacib bir platforma kimi yanaşır. Ona görə həm TDT üzvləri ilə münasibətlərin bütün sferalar üzrə inkişaf etdirilməsi, həm də regional və qlobal məsələlərdə digər türk dövlətlərinin maraqlarının müdafiə olunması respublikamızın milli prioritetləri sırasında yer alan məsələlərdir. Xüsusilə qeyd edilməlidir ki, Azərbaycanın son 20 ildə reallaşdırdığı bütün layihələr türk dövlətləri arasında əməkdaşlığın dərinləşdirilməsinə, onların regional və qlobal inteqrasiyalarının artırılmasına geniş imkanlar yaradıb. Məsələn, Azərbaycanın təşəbbüsləri ilə reallaşan neft və qaz kəmərləri türk dövlətlərinin də enerji maraqlarının təmin olunmasına xidmət edir.  Bakı-Tbilisi-Qars dəmir yolu xətti Asiyanı və Avropanı ilə birləşdirən nəhəng infrastruktur olmaqla yanaşı, türk dövlətləri arasında iqtisadi inteqrasiyası təmin edən mühüm vasitədir. Türk dövlətləri də bütün bunları Azərbaycanın türk dünyasına mühüm töhfələri kimi dəyərləndirirlər. 
Cənab Prezident İlham Əliyev Budapeştdə keçirilən TDT Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə bütün bunlar barədə geniş məlumat verdi. Məhz Azərbaycanın əlverişli nəqliyyat və logistika imkanları  yaratmasının nəticəsidir ki, Türkiyәnin vә Mәrkәzi Asiyanın türk dövlәtlәrininin respublikamızın ərazisindən tranzit keçәn daşımalarının hәcmi 2024-cü ildә 11 milyon ton təşkil edib. Orta Dəhlizin bir hissəsi olan Bakı-Tbilisi-Qars dəmir yolunun daşıma qabiliyyətinin keçən il Azərbaycanın vəsaiti hesabına 5 milyon tona çatdırılması yalnız respublikamızın deyil, həm də türk dünyasının maraqlarına xidmət edir. Dövlətimizin başçısının qeyd qeyd etdiyi kimi Xəzər dənizində 50-dən çox ticarət gəmisi olan Azərbaycan türk dövlətləri üçün önəmli tranzit xidmətləri göstərir. Ələt Beynəlxalq Dəniz Ticarət Limanının yükaşırma qabiliyyəti isə 15 milyon tondan 25 milyon tona çatdırılacaq ki, bu da türk dövlətlərinə Azərbaycan üzərindən daha çox yük daşıması həyata keçirməyə imkan verəcək. Azərbaycanın TDT üzvü olan ölkələrə indiydək 20 milyard ABŞ dollarından çox sərmayə yatırması da respublikamızın türk dövlətləri ilə əməklaşlığın inkişafına verdiyi önəmin göstəricisidir.
Prezident İlham Əliyevin nitqində toxunduğu məsələlərdən biri də  Azərbaycan, Qazaxıstan və Özbəkistan dövlət başçıları tərəfindən imzalanan yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq sazişi oldu. COP29 zamanı imzalanan bu sənəd yaşıl və bərpaolunan enerji mənbələrinin inkişafı, enerji təhlükəsizliyinin təmin olunması və davamlı inkişaf məqsədlərinə töhfə verilməsi üçün mühüm bir addımdır. Saziş yaşıl enerjinin Xəzər-Qara dəniz marşrutu ilə dünya bazarlarına ixracı üçün geniş imkanlar yaradır ki, bu da türk dövlətlərinin «yaşıl enerji» çağırışlarına vaxtında cavab verdiklərini və müvafiq fəaliyyət proqramı həyata keçirdiklərini göstərir. 
TDT Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə 71 bənddən ibarət Bəyannamə də imzalanıb. Qurumun qarşısında dayanan vəzifələrin həyata keçirilməsi və türk dövlətləri arasındakı əməkdaşlığın inkişaf etdirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edən Bəyannamədə Azərbaycanla bağlı məqamlar da yer alıb. Məsələn, sənəddə qlobal miqyasda mədəniyyətlərarası dialoqun təşviqində qabaqcıl təşəbbüs kimi “Bakı Prosesi”nin uğuru yüksək qiymətləndirilir. Bəyannamədə Azərbaycanın 2024-cü ilin noyabrında BMT-nin İqlim Dəyişikliyi Konfransının 29-cu sessiyasına uğurlu ev sahibliyi, o cümlədən onun əsas nəticəsi olan Bakı İqlim Birliyi Paktı, eləcə də COP29 Sədrliyi çərçivəsində həyata keçirdiyi təşəbbüslər də təqdir edilib. Habelə Azərbaycanın 2025-2029-cu illər üçün UNESCO-nun Ümumdünya İrs Komitəsinə və həmin illərdə BMT-HABITAT-ın İcraiyyə Şurasının üzvlüyünə namizədliyi alqışlanır, respublikamızın bu il TDT-nin 12-ci Zirvə görüşünə ev sahibliyi etməyə hazır olduğu yüksək qiymətləndirilir.
Azərbaycan TDT-nin təsisçi üzvü kimi təşkitatın fəaliyyətin gücləndirilməsi və türk dövlətləri arasında əlaqələrin inkişaf etdirilməsi üçün öz üzərinə düşən missiyanı qarşıdakı dövrdə də uğurla yerinə yetirəcək. Bu il Azərbaycanda keçiriləcək TDT-nin 12-ci rəsmi Zirvə görüşü isə türk birliyinin növbəti təntənəsinə çevriləcək.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30