Gəncə Şəhər Birləşmiş Xəstəxanasında Paul qlaukoma implantasiyası əməliyyatları başlayıb
TƏBİB, ölkə üzrə tibb müəssisələrində göz xəstəliklərinin müayinə və müalicəsinin inkişafı istiqamətində tədbirləri davam etdirir. Bu çərçivədə Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində fəaliyyət göstərən Akademik Zülfüqar Məmmədov adına xəstəxananın Oftalmologiya şöbəsində ilk dəfə Paul qlaukoma implantasiyası əməliyyatı həyata keçirilib.
Əməliyyat tibb üzrə fəlsəfə doktoru, oftalmoloq-cərrah Tələt Nəbiyev və komandası tərəfindən qlaukoma diaqnozu ilə müraciət edən 1960-cı il təvəllüdlü pasiyent üzərində icra olunub. Əməliyyat nəticəsində pasiyentin gözdaxili təzyiqi normallaşıb və həyat keyfiyyəti yüksəlib.
Oftalmologiya şöbəsi müasir tibbi avadanlıqlar, zəruri preparatlar və dərman vasitələri ilə tam təmin olunub. Burada katarakta, sinustrabekuloektomiya, DSR, xalazion, pterigium, göz qapağının plastik əməliyyatları, qapağın ektropion və entropion əməliyyatları, göz travmaları və Avastin inyeksiyası icra olunur.
Qeyd edək ki, TƏBİB-in bütün tabeliyində olan tibb müəssisələrində icbari tibbi sığortanın Xidmətlər Zərfinə daxil olan göz xəstəliklərinin müayinə və müalicəsi ödənişsizdir.
@Patriot News.az