"Kəpəz" Azarkeşlərindən Tarixi Təşəbbüs: Rəhbərlikdə Öz Nümayəndəmiz Olsun!
Gəncə təmsilçisi “Kəpəz” Peşəkar Futbol Klubunun sadiq azarkeşləri klub rəhbərliyinə unikal və cəsarətli bir təkliflə çıxış ediblər. Klubun yeni İdarə Heyəti sədri Namiq Qədirovun fəaliyyətinə dəstək məqsədi daşıyan bu təşəbbüs azarkeşlərin səsinin yalnız tribunadan deyil, klubun idarəçiliyindən də eşidilməsinə yönəlib.
Təklifin mərkəzində tanınmış ictimai xadim və media nümayəndəsi Ceyhun Əliyevin klub rəhbərliyində, daha konkret desək, ictimaiyyətlə əlaqələr üzrə məsul şəxs kimi təmsil olunması dayanır. Azarkeşlər hesab edirlər ki, bu addım klubla ictimaiyyət arasında daha güclü bir körpü yaradacaq, eləcə də “Kəpəz”in ictimai imicini möhkəmləndirəcək.
Ceyhun Əliyev Qarabağ Qaziləri İctimai Birliyinin Gəncə filialında mətbuat və ictimaiyyətlə əlaqələr üzrə sədr müavini kimi fəaliyyət göstərir, eyni zamanda “PatriotNews.az” xəbər portalının təsisçisi və baş redaktorudur. O, həmçinin Peşəkar Futbol Liqasına akkreditə olunmuş təcrübəli idman jurnalisti və fəal ictimaiyyət nümayəndəsi kimi tanınır.
Azarkeşlərin fikrincə, bu təklif yalnız klubla azarkeşlər arasında münasibətləri gücləndirməyəcək, eyni zamanda “Kəpəz”in idarəçiliyində şəffaflıq və milli ruhun ön plana çıxmasına səbəb olacaq. Onlar klub rəhbərliyindən bu təşəbbüsə açıq yanaşma göstərməyi və ictimai rəyə diqqət ayırmağı xahiş edirlər.
Təklifin qəbul edilib-edilməyəcəyi və klub rəhbərliyi tərəfindən necə qarşılanacağı isə yaxın günlərdə bəlli olacaq. Bütün hallarda bu təşəbbüs Azərbaycan futbolu tarixində azarkeşlərin klub idarəçiliyində söz sahibi olma istəklərinin bariz nümunəsi kimi dəyərləndirilir.
Müəllif : Vaqif Səfəroğlu