Kəpəz mövsümü məğlubiyyətlə başladı, məğlubiyyətlə də başa vurdu
Azərbaycan Premyer Liqasının bu mövsümü Kəpəz üçün uğursuz başladı və eyni tonla da başa çatdı. Gəncə təmsilçisi açılış turunda məğlub olduqdan sonra, son turda da Turan Tovuz komandasına 4:0 hesabı ilə böyük hesabla uduzdu.
Turan Tovuz ev oyununda Kəpəzi darmadağın edərək mövsümü möhtəşəm tərzdə başa vurdu. Tovuz klubunun oyunçuları meydana qələbə əzmi ilə çıxaraq, rəqib qapısına dörd dəfə yol tapdı və Kəpəzin müdafiə xəttindəki boşluqlardan maksimum dərəcədə yararlandılar.
Kəpəz isə bu məğlubiyyətlə mövsümün sonuna qədər davam edən problemlərini yenidən ortaya qoydu. Mövsüm ərzində klub istənilən nəticələri əldə edə bilmədi, müdafiə və hücum xəttində çatışmazlıqlar aydın hiss olundu. Baş məşqçi və klub rəhbərliyi üçün bu mövsüm dərs olacaq.
Xüsusilə Kəpəz klubunun idarə heyətinin sədri Namiq Qədirov bu məğlubiyyətlərdən nəticə çıxarmalı və yeni mövsümə tamamilə fərqli Kəpəz hazırlamalıdır. Azarkeşlər və klub ictimaiyyəti qarşısında məsuliyyət daşıyan rəhbərlik üçün yeni mövsüm daha böyük ambisiyalarla və daha iddialı hədəflərlə başlamalıdır.
Qeyd edək ki, Kəpəzin baş məşqçisi Azər Bağırov klub rəhbərliyi ilə qarşılıqlı razılaşma əsasında öz postundan istefa verib. Azər müəllimə hər şey üçün Kəpəz azarkeşləri və Gəncə ictimaiyyəti adından minnətdarlığımızı bildirir və gələcək karyerasında uğurlar arzulayırıq.
Kəpəzin bu mövsümki nəticələri klub azarkeşlərini məyus etsə də, gələcəkdə daha yaxşı çıxış etmək üçün bu təcrübədən dərs almaq vacibdir.
Ceyhun Əliyev