Vətən müharibəsi şəhidi Məmmədzadə Elvin İlham oğlunun əziz xatirəsi doğum günündə böyük ehtiramla yad edilib.
Samux Rayon İcra Hakimiyyəti Başçısı Aparatının əməkdaşları, şəhidin valideynləri, dostları, yaxınları və rayon ictimaiyyəti iştirak edib. Şəhidin məzarı ziyarət edilib, ruhuna dualar oxunub. Məktəblilər şəhidlər haqqında şeirlər deyiblər.
Məmmədzadə Elvin İlham oğlu 22 noyabr 1996-cı il tarixdə Samux şəhərində anadan olub. Samux şəhər 1 saylı məktəb-liseyin məzunu olub. İlk öncə Cəmşid Naxçıvanski adına hərbi-liseyi, sonra isə Heydər Əliyev adına Ali Hərbi Məktəbi bitirib. Hərbi təhsil aldığı müddətdə baş çavuş və Bayraqdar vəzifələrini uğurla icra edib. Nümunəvi xidmətinə görə müharibədən əvvəl "Azərbaycan Ordusunun 100 illiyi 1918-2018" yubiley medalı ilə təltif edilib. 2019-cu ilin iyul ayından orduda taqım komandiri vəzifəsində leytenant kimi xidmətə başlayıb.
Vətən müharibəsi zamanı Cəbrayıl istiqamətində gedən döyüşlərdə fərqləndiyinə görə bölük komandiri vəzifəsinə layiq görülüb. 9 noyabr 2020-ci il tarixdə Şuşa-Xankəndi istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. 13 noyabr 2020-ci il tarixdə Samux şəhərində dəfn olunub.
Şəhid torpaqlarımızın işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirərkən mərdliyin, igidliyin göstərilməsinə və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən "Azərbaycan bayrağı" ordeni , "Vətən uğrunda", "Qubadlının azad olunmasına görə", "Şuşanın azad olunmasına görə" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.
Allahdan bütün şəhidlərimizə rəhmət diləyirik!