“ASAN xidmət” “ZİRVƏ” idarəçilik marafonuna start verib
6 may 2025-ci il tarixində “ZİRVƏ – Zəfər idarəçisinin rəhbərlik vizyonu və ənənələri” layihəsinin rəsmi açılış mərasimi keçirilib. Layihə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ASAN İnnovativ İnkişaf Mərkəzi tərəfindən həyata keçirilir.
Layihənin məqsədi Prezident İlham Əliyevin zəfər siyasətinin idarəetmə və liderlik sahəsində tətbiqini müzakirə etmək, bu siyasətdən ilham alan işgüzar şəxslərin bilik və bacarıqlarını inkişaf etdirməkdir.
Tədbir Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda şəhid olmuş qəhrəmanlarımızın əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Açılış mərasimində Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev və Milli Məclis sədrinin birinci müavini Əli Əhmədov çıxış ediblər. Çıxışlarda Ulu Öndər Heydər Əliyev tərəfindən təməlləri qoyulan dövlətçilik siyasətinin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi və idarəetmədə dinamizmin təmin olunduğu qeyd olunub. Qeyd edilib ki, Prezidentin həyata keçirdiyi çoxşaxəli islahatlar və idarəçilik tədbirləri Azərbaycanın davamlı inkişafına xidmət edir.
Tədbirdə Prezident İlham Əliyevin Zəfər siyasətinə həsr olunmuş, idarəetmə və liderlik mövzusunu əhatə edən videoçarxlar nümayiş olunub, ASAN İnnovativ İnkişaf Mərkəzinin fəaliyyəti təqdim edilib.
Daha sonra “İdarəetmədə yeni çağırışlar” mövzusunda panel müzakirələr keçirilib.
Layihə çərçivəsində 6 may – 6 iyul 2025-ci il tarixlərində müxtəlif dövlət və özəl sektorlardan olan 150 rəhbər şəxs “Dövlət rəsmiləri ilə təcrübə mübadiləsi” görüşlərində, “İdarəetmədə innovativ liderlik bacarıqları” mövzusunda təlimlərdə və “ASAN xidmət” təcrübəsi ilə tanışlıq tədbirlərində iştirak edəcək. Eyni zamanda işğaldan azad olunmuş ərazilərə infoturlar təşkil ediləcək və “Təəssüratlar toplusu” adlı onlayn kitab nəşr olunacaq.