Azərbaycan Texnologiya Universitetinin tələbələri üçün daha bir təqaüd təsis edilib
Azərbaycan Texnologiya Universiteti (ATU) tələbələrinin sosial rifahını və akademik nailiyyətlərini dəstəkləmək məqsədilə daha bir mühüm təşəbbüsə imza atıb. Universitetdə tələbələr üçün “Xəzri TN” təqaüdü təsis edilib. Yeni təqaüd proqramı ATU ilə “Xəzri TN” MMC arasında mövcud əməkdaşlıq münasibətləri çərçivəsində həyata keçirilib.
Təqaüdün təsis edilməsinə dair rəsmi müqavilə Azərbaycan Texnologiya Universitetində imzalanıb. Sənədə universitetin rektoru Yaşar Ömərov və “Xəzri TN” MMC-nin direktoru İlkin Şabanov imza atıblar. Tərəflər arasında imzalanan bu əməkdaşlıq sənədi, təhsil-sənaye əlaqələrinin möhkəmlənməsi baxımından əhəmiyyətli addım kimi qiymətləndirilir.
Müqaviləyə əsasən, “Xəzri TN” təqaüdü Qida mühəndisliyi fakültəsinin aşağıdakı ixtisasları üzrə əyani təhsil alan və ən yüksək akademik göstəricilərə malik 2 tələbəyə veriləcək:
Qida mühəndisliyi
Şərabçılıq
Ekologiya mühəndisliyi
Təqaüd proqramı yeni tədris ilindən etibarən qüvvəyə minəcək. Hər tələbəyə ayda 100 manat məbləğində təqaüd təqdim olunacaq. Bu təşəbbüs həm də tələbələr üçün əlavə motivasiya rolunu oynamaqla, onların akademik fəaliyyətlərində daha yüksək nəticələr əldə etməsinə təkan verəcək.
Bu yeni təşəbbüslə birlikdə, hazırda ATU-da tələbələr üçün təsis olunmuş müəssisə təqaüdlərinin sayı 3-ə çatıb. Bu isə universitetin özəl sektorla əməkdaşlıq imkanlarının genişləndiyini, eyni zamanda tələbələrin maddi və mənəvi dəstəklə əhatə olunmasını göstərir.
Azərbaycan Texnologiya Universiteti rəhbərliyi belə təşəbbüslərin davamlılığını təmin etmək niyyətindədir. Universitetin strateji hədəflərindən biri də tələbə yönümlü, təşviqedici və innovativ təqaüd sistemini genişləndirməklə, gələcəyin rəqabətədavamlı mütəxəssislərinin formalaşmasına töhfə verməkdir.
@Patriot News. az