Rotterdamda “Qərbi Azərbaycana Qayıdışa Dəstək” adlı beynəlxalq tədbir keçirildi
Tədbirin əsas məqsədi Qərbi Azərbaycandan zorla köçürülmüş soydaşlarımızın hüquqlarının beynəlxalq səviyyədə tanınması, onların doğma yurdlarına qayıdış məsələsinin diqqət mərkəzində saxlanılması və bu istiqamətdə beynəlxalq ictimaiyyətin məlumatlandırılması olub.
Tədbirin açılışında çıxış edən “Modern İnkişaf və Ailə” İctimai Birliyinin sədri Zərifə Quliyeva bu məsələnin humanitar və hüquqi əhəmiyyətinə diqqət çəkərək vurğuladı:
“Qərbi Azərbaycandan qovulan insanların hüquqlarının müdafiəsi təkcə humanitar məsələ deyil, bu, eyni zamanda tarixi ədalətin bərpasıdır. Biz bu məsələdə həm beynəlxalq hüququn prinsiplərinə, həm də insan hüquqlarına əsaslanırıq.”
“Benilüks Azərbaycanlıları Konqresi”nin sədri Elsəvər Məmmədov isə Avropada fəaliyyət göstərən azərbaycanlı diasporunun bu məsələyə münasibətini ifadə edərək bildirdi:
“Avropada yaşayan azərbaycanlılar olaraq bu məsələyə laqeyd qala bilmərik. Qərbi Azərbaycan mövzusu təkcə Azərbaycanın deyil, dünya ictimaiyyətinin də diqqətində olmalıdır. Biz həmrəy şəkildə bu tarixi ədalətsizliyin aradan qaldırılması üçün səylərimizi davam etdirəcəyik.”
AMEA-nın Rəyasət Heyətinin Elmi İrs Şöbəsinin müdiri Zemfira Hacıyeva isə çıxışında mövzuya elmi və tarixi yanaşmanın vacibliyini önə çəkdi:
“Qərbi Azərbaycanlıların yurdlarına qayıdışı məsələsi həm də elmi və tarixi yaddaşın bərpasıdır. Biz bu prosesdə yalnız siyasi deyil, elmi əsaslara da söykənməliyik.”
Tədbirdə həmçinin layihə rəhbərinin köməkçisi Qalib Əliyev çıxış edərək qeyd etdi ki:
“Bu cür layihələrin təkcə Niderlandda deyil, digər Avropa ölkələrində də həyata keçirilməsi nəzərdə tutulur. Məqsədimiz Qərbi Azərbaycan həqiqətlərini daha geniş beynəlxalq auditoriyaya çatdırmaq və bu istiqamətdə birgə fəaliyyət imkanlarını genişləndirməkdir.”