Gəncə şəhər İcra hakimiyyətinin başçısı Niyazi Bayramov Qurban Bayramı münasibətilə "İmamzadə" Dini Kompleksini ziyarət edib
Ölkəmizdə bu il müqəddəs Qurban Bayramı 06-07 iyun tarixlərində qeyd olunur. Bayram münasibətilə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov "İmamzadə" Dini Kompleksini ziyarət edib.
Patriot News.az xəbər verir ki, ziyarət çərçivəsində şəhər rəhbəri kompleksin ümumi vəziyyəti ilə maraqlanıb, ziyarətçilər üçün yaradılmış şəraitlə yerində tanış olub. Niyazi Bayramov həmçinin kompleksin ərazisində təşkil olunmuş qurbangaha baş çəkib və orada həyata keçirilən qurban kəsimi prosesi ilə yaxından maraqlanıb.
Kəsim məntəqəsində sanitar-gigiyenik normalara riayət olunması, vətəndaşların rahatlığının təmin edilməsi məqsədilə görülmüş işlər müsbət qiymətləndirilib. Şəhər rəhbəri bayram münasibətilə ziyarətçiləri təbrik edərək onlara cansağlığı, ruzi-bərəkət və əmin-amanlıq arzulayıb.
Qeyd edək ki, Gəncə sakinləri Qurban Bayramı günlərində saat 08:00-dan 20:00-dək qurbanlıq heyvanların alqı-satqısı və kəsimi üçün “Kəpəz-Bazarı” ASC, "İmamzadə" Dini Kompleksinin qurbangahı, M.Bağırov küçəsi və keçmiş “Ət kombinatı”nın ərazisində yerləşən kəsim məntəqələrinə müraciət edə bilərlər.
Qurban Bayramı münasibətilə təşkil olunan tədbirlər Gəncə şəhərində vətəndaşlara yüksək səviyyədə xidmət göstərilməsi və dini dəyərlərin qorunması baxımından əhəmiyyətli addım kimi qiymətləndirilir.
@Patriot News.az