Rusiyalı milyarderin saxlanılması – Ermənistanda yeni müxalif lider planının ifşası - ŞƏRH
Ermənistanda din və millət adından özünü sığortalama, çətir düzəltmə, onlara sığınaraq saxtakarlıq etmək son zamanlar güclənib.
Baş nazir Nikol Paşinyanla kilsə qarşıdurması ümumerməni katolikosu II Qareginin ifşası bu etnik qrupun mənəvi liderinin vəziyyətini, din dəllallarının mahiyyətini ölkə cəmiyyətinə çatdırdı. Məlum oldu ki, kilsə indiyədək heç vaxt Allah, dinə deyil, öz ehtirasına, nəfsinə qulluq edib.
Ötən gün kilsəni himayə, müdafiə edən Rusiya vətəndaşı, erməni milyarder Samvel Karapateyanın saxlanıldığına dair məlumat yayılıb. “Taşir”in rəhbəri qardaşı Karenlə birlikdə güc strukturlarının əməkdaşları tərəfindən İrəvandakı evlərindən aparılıb. Onların Milli Təhlükəsizlik Xidmətinə deyil, Ermənistan Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsinə (6-cı şöbə) aparıldıqları da məlum olub. Bir gün əvvəl isə həmin evdə axtarışlar keçirilib. O saxlanılan zaman deyib: “Xalq öz sözünü deyəcək. Tüpürüm, “elektrik şəbəkəsinə”. Mən xalqı və kilsəni dəstəkləyirəm”.
Qeyd edək ki, “Taşir” sənaye-tikinti qrupudur. Rusiyalı milyarder Samvel Karapetiyan onun prezidentdir. Rusiya “Forbes” jurnalına istinadən onun sərvəti 3,2 milyard dollardır. Samvel Karapetyan şirkəti 1999-cu ildə təsis edib. 2004-cü ildə holdinq Moskva kommersiya daşınmaz əmlak inkişafı bazarına çıxıb və beş il ərzində böyük çoxprofilli tikinti şirkətinə çevrilib.
Samvel Karapetyan “Ermənistan elektrik şəbəkəsi” sahibidir. 2015-ci ilin payızında onun “Taşir” qrupu bu şəbəkəni bir milyard dollara alıb.
Həmin ilin yayında ölkədə elektrik enerjisinə ödəmələrin artırılmasına etiraz aksiyaları keçirmişdi. S. Karapetyan şəbəkəyə sahib olduqdan sonra onları müvəqqəti olaraq dayandırdı. Bu şirkətin satışında da saxtakarlığın olduğu iddia olunur. Ermənistan hakimiyyəti iki həftə əvvəl “İnter RAO”nun Kiprdə (yunan) qeydiyyatdan keçmiş “Liormand Holdings Limited”ə "Ermənistanın Elektrik Şəbəkələri" QSC-nin 100 faiz səhmlərinin ötürülməsi təklifini qəbul edib.
Ermənistanın ovaxtkı baş naziri Ovik Abramyan müvafiq qurumlara Kipr şirkətinin qanunun tələblərinə uyğunluğunu yoxlamağı və “Liormand”ın elektrik şəbəkələrinin indiki sahiblərinin ölkə qarşısında götürdüyü öhdəlikləri yerinə yetirəcəyinə söz verdiyi sazişin layihəsini hazırlamağı tapşırmışdı...
Bu məsələni sonralar “Taşir” şərh etməkdən imtina etmişdi. S. Karapetyan ovaxtkı prezident Serj Sarqsyanın da ən sevimlilərindən olub. Məsələn, 2011-ci ildə o, şirkət rəhbərini “milli maraqların müdafiəsi işinə əhəmiyyətli töhfəsinə və Ermənistan naminə uzunmüddətli və səmərəli fəaliyyətinə görə" Müqəddəs Mesrop Maştoç ordeni, bir il sonra qondarma erməni soyqırımının 100-cü ildönümünə həsr olunmuş tədbirlərin təşkili və keçirilməsinə köməyinə görə I dərəcəli “Vətən qarşısında xidmətlərinə görə" ordeni ilə təltif etmişdi. Qardaşı Karen Karapetyan 2008-2011-ci illərdə Ermənistan prezidentinin aparatına rəhbərlik edib.
Yeri gəlmişkən, Razdan İstilik Elektrik Stansiyası da 2004-cü ildən Rusiyanın mülkiyyətindədir. Ermənistan 2002-ci ildə hökumətlərarası sazişin imzalanmasından sonra aktivi 31 milyon dollar məbləğində dövlət borcunun ödənilməsi hesabına təhvil verib.
Nikol Paşinyanla II Qaregin qarşıdurmasında Samvel Karapetyan kilsəni açıq şəkildə müdafiə edərək, “erməni kilsəsinin çoxəsrlik təməllərinə və milli ənənələrə hücumlar təşkil edən” “kiçik bir qrup şəxsi” pisləyib. O, “həmişə erməni kilsəsi və xalqı ilə birlikdə olduğunu” vurğulayaraq, bu vəziyyətdə “birbaşa iştirak” edəcəyinə söz verib: “Əgər siyasi xadimlər bacarmasa, biz öz tərəfimizdən bütün bunlarda iştirak edəcəyik”.
Bu, Paşinyana və komandasına seçki qabağı Rusiyadan gələn yeni ismarış da sayılır. Çünki Ermənistandakı mövcud müxalifət Robert Köçəryan, Serj Sarqsyan, keşiş Baqrat, II Qaregin artıq yararsızdır. Ona görə ölkə ictimaiyyətinin diqqətini özünə çəkə biləcək yeni, tanınmış fiqura ehtiyac duyulduğu üçün siyasi dövriyyəyə Samvel Karapetyan pulları ilə birlikdə buraxılıb. O parlament seçkilərinə qatıla bilməsə də maliyyə vəsaiti hesabına RF-nin maraqlarının təmin olunmasına çalışar. Ona görə də Nikol Paşinyan Rusiya xidmətçisi sayılan keşişlərlə yanaşı şimaldan siyasi, mənəvi, maddi, maliyyə baxımından təmin və təchiz olunan iş adamlarını da hədəfə alır. Odur ki, rusiyalı erməni milyarderin də baş nazirinin qəzəbinə gəlməsi iqtisadi və ya biznes məsələsi deyil, siyasidir.
Hakim “Vətəndaş Müqaviləsi” fraksiyasının deputatları onu “Ermənistan Elektrik Şəbəkəsi”nin milliləşdirilməsi ilə hədələyirlər. İddia olunur ki, şirkət “Taşir”ə satılarkən qanun pozuntuları olub. Yuxarıda yunan Kiprində qeydiyyat keçirilmiş şirkətin timsalında buna dair qısa informasiyanı diqqətinizə çatdırdıq.
Digər tərəfdən bu şirkətin Rusiya vətəndaşına sayılması belə ölkənin milli təhlükəsizliyi və maraqları baxımdan da ziyanlı sayılır. Başqa sözlə Rusiya Ermənistanın işığını istənilən vaxt kəsə bilər.
Görünür, Paşinyan siyasi ambisiya ilə çıxış etmədiyi və Ermənistanın daxili işlərinə müdaxilə etmədiyinə görə indiyədək bu məsələnin qabardılmasına ehtiyac duymurdu. Hətta, hakimiyyətə gəlişinin ilk dövründə onlar arasında çox səmimi münasibət belə yaranmışdı.
Ancaq indi Karapetyan tərəfindən siyasi ismarışlar səslənir, hətta hakimiyyətə iddialar belə irəli sürülür. Bu səbəbdən Nikol Paşinyan onu vətəndaşın kilsəyə, daha dəqiqi keşiş Qareginə dəstəyi kimi deyil, hakimiyyətinə təhdid olaraq görür.
Samvel Karapetyanın yaşadığı və şirkətinin yerləşdiyi Rusiya şəhərinə işarə edən baş nazir deyib: “Bura Kaluqadakı Aşağı Tapr kəndi deyil. Bura Ermənistan Respublikasıdır. Ümid edirəm ki, dövlətin dadını hiss edəcəksiniz”.
Paşinyan “Taşir” prezidentinin Ermənistandakı kapitallarını da hədəfə alıb. Bura sosial baza, maliyyə vəsaiti, təşkilatlanma da daxildir. Samvel Rusiyanın Ermənistandakı geosiyasi maraqlarının elementidir.
Kilsə ənənəvi olaraq allahdan və erməni etnik qrupundan çox Rusiyaya, onun maraqlarına xidmət edib. Samvelin kilsəni müdafiəsi Qareginlə “Taşir” şirkətinin Nikol Paşinyana qarşı birliyinin nümayiş etdirilməsidir.
Ermənistan Apostol Kilsəsi “fədakarlığına” görə ona borclu qalmayıb. Kilsə iddia edir ki, Karapetyanın saxlanılması, yaxud təqib olunmasının siyasi motivi var: “Biz aşkar siyasi motivlərlə şərtlənən təqibi qətiyyətlə pisləyirik. Ermənistan hakimiyyətini qanunsuz hərəkətləri dərhal dayandırmağa çağırırıq”.
Məlumata görə, polis iş adamına dəstək ifadə etməyə gələn 45 nəfəri saxlayıb. Bu, Samvelin Ermənistandakı sosial bazasının göstərircisi də sayılır.
Ölkənin Rusiyadan gəlmiş, Azərbaycanda doğulmuş, iki dəfə bir neçə həftəliyə baş naziri olmuş Karen Vilgelmoviç Karapetyan da öz rusiyalı yerlisinin müdafiəsinə qalxıb.
Rusiya XİN-in nümayəndəsi Mariya Zaxarova Samvellə bağlı baş verənlərə münasibət bildirərək, deyib ki, Moskva “İrəvanda qəribə bəhanələrlə həbslə hədələnən” “Taşir”in rəhbəri ilə bağlı vəziyyəti izləyir.
Samvel Karapetyan Rusiyanın ağır erməni “artilleriyalarından” biridir. Azərbaycan torpaqları işğal altında olanda Moskva Qarabağa rusiyalı milyarder Ruben Vardanyanı “ezam” etmişdi. İndi o, Azərbaycanda mühakimə olunur...
Bir vaxtlar Samvel Karapetyan da Qarabağda qanunsuz çoxsaylı işlərlə məşğul olub. O, 2015-ci ildən başlatdığı layihəyə uyğun olaraq, 2020-ci ilədək işğal altındakı Azərbaycan torpaqlarında 4 övladı doğulan hər erməni ailəsinə mükafat olaraq 4 min dollar ödəyib.
Azərbaycan Respublikasının Baş Prokurorluğu barəsində həbs qətimkan tədbiri seçilməklə beynəlxalq axtarış elan etmişdi. O, Azərbaycanın Yuxarı Qarabağ ərazisində tikinti ilə məşğul olub. Qeyd edək ki, ABŞ-ın sanksiya tətbiq etdiyi rusiyalı iş adamları arasında Samvel Karapetyanın da adı var.
Karapetyan 2020-ci ildə Ermənistanın keçmiş prezidenti Robert Köçəryanın həbsdən azad edilməsi üçün girovun bir hissəsini ödəmişdi. Rusiyalı erməni milyarder 15-20 il ərzində işğal altındakı Azərbaycan torpaqlarındakı separatçı-terrorçu rejimin dayaqlarını möhkəmlətmək üçün böyük “xeyriyyə” işləri görüb.
Ruben Vartanyan, Samvel Karapetyan, Qaregin II, Baqrat, Köçəryan, Sarqsayan hamısının “canı” Moskvadadır. Elə Rusiya siyasətinin təbliğatçısı Vladimir Solovyovun “Taşir” prezidentini müdafiə etməsi də bu təsdiqləyir. Bu tele-təbliğatçı, yaxud boşboğaz Kremlin rəsmi televiziyasında Azərbaycanın ərazi inzibati vahidi haqqında yaramaz ermənilərin yuxusunda işlədiyi sözdən istifadə edib. O, Qarabağı separatçı cinayətkar ermənilər kimi “artsax” adlandıraraq, Samvelin Azərbaycan torpaqlarında gördüyü qanundankənar işlərdən bəhs edib. Ermənistana verdiyi xeyirdən danışıb.
Odur ki, rusiyalı milyarderi sıxışdırdığı, qanunsuz əməllərinə görə tənbeh etdiyi, zərərsizləşdirməyə çalışdığı üçün Nikol Paşinyanı adamın müdafiə etməyi də gəlir.
Nikol Paşinyanın Prezident Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə iyunun 20-də Türkiyəyə səfər edəcəyi gözlənilir. Bu hadisəni Solovyov və onun siyasi-ideoloji mərkəzi həzm edə bilmir. Ona görə də “teleaparıcı” dövlət televiziyasının efirindən Nikol Paşinyana qarşı “türk oğlu” ifadəsini təhqir kimi istifadə edir. Karapetyan, Köçəryan, Sarqsyan, Njde, Balayan və başqa faşist düşüncəli ermənilər, türkü özlərinə düşmən bilənlər bunu aşağılayıcı ifadə olaraq işlədirlər.
Solovyov bu iyrəncliyi ilə hakimiyyəti ələ keçirməkdə ittiham olunan Samvel Karapetyanın ipinin bağlandığı budağı belə göstərə bilib. “Taşir” prezidentinin təqibi Rusiyanın Ermənistandakı daha bir planının iflası sayıla bilər...
Nikol Paşinyanın isə Rusiyanın “beşinci kolon”una qarşı mübarizəsi davam edir. Solovyovu isə heç vaxt karvana almayacaqlar...(Report)